ANS TELEKANALININ “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI İDDİASINA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

sentyabr 9th, 2009
Bu gün (9 sentyabr) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə ANS telekanalının “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı mülki iddiaya əsasən məhkəmə hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

 Vəkil bildirdi ki, hazırlıq iclasında ANS-in baş direktoru Yaşar Babayev tərəfindən “Yeni Müsavat”a qarşı yeni iddia irəli sürülüb. İddiada Y.Babayev fiziki şəxs olaraq Zahid Səfəroğlunun iddiaya səbəb olmuş məqaləsindən mənəvi sarsıntı keçirdiyini əsas gətirərək “Yeni Müsavat” qəzetinin və Zahid Səfəroğlunun ona maddi təzminat ödəməsini tələb edir. Təzminatın məbləği ümumilikdə 80 min (“Yeni Müsavat”dan 50 000, Zahid Səfəroğludan 30 000) manatdır.
     V.Hüseyn sözlərinə görə, o, məqalə müəllifinin səhv etdiyi ilə bağlı qəzetin təkzib verərək üzr istədiyini məhkəmənin diqqətinə çatdırıb və iş üzrə sübutları təqdim etmək üçün məhkəmədən vaxt istəyib. Hakim prosesi 29 sentyabr saat 14:00-a təyin edib.
     Xatırladaq ki,  “Yeni Müsavat” qəzetinin 27 avqust tarixli sayında  ANS telekanalının araq reklam etməsi ilə bağlı dərc olunmuş məqaləyə görə ANS məhkəməyə müraciət edib. Məqalə ilə bağlı təkzib verən “Yeni Müsavat” qəzeti isə bu məsələ ilə bağlı ANS-in yaydığı məlumatda qəzetə qarşı təhqiramiz və işgüzar nüfuzuna  zərbə vuran ifadələr işlətdiyini əsas gətirərək, Səbail rayon məhkəməsində iddia qaldırıb. İddiada ANS kanalının 100.000 (yüz min manat) ödəməsi istənilir.