EMİN HÜSEYNOVUN ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ GƏLƏN HƏFTƏ DAVAM EDƏCƏK

Bu gün (21 may) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) , Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi RP-nin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçının səlahiyyətli nümayəndəsi, Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən RP-nin 22-ci polis bölməsinin vəkili Məzahir Şahbazov iştirak edirdilər.DİN-nin nümayəndəsi isə məhkəmədə iştirak etsə də üzrlü səbəbdən prosesi tərk etdi.
Cavabdeh tərəfdən şahid qismində Bakı şəhər Baş polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Orxan Axundzadə, baş əməliyyat müvəkkili Zəka Səfərov, əməliyyat müvəkkili Fərid Namazov və Elmir Hüseynov məhkəməyə ifadə verdilər.  Hakimin icazəsinə baxmayaraq əməliyyat müvəkkili  Fərid Namazov  və Elmir Hüseynov  foto çəkilişə razılıq vermədilər. Şahidlər “Alaturka” restoranında 50 – 60 nəfərin olduğunu, onlara qarşı heç bir zor tətbiq etmədiklərini, yalnız şəxsiyyət vəsiqəsi olanları sərbəst buraxdıqlarını, sənədi olmayanları isə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə apardıqlarını bildirdilər. Polis əməkdaşları saxlanılan şəxslərin kimliyini müəyyənləşdikdən sonra onları da  sərbəst buraxıldıqlarını və başqa bir şey xatırlamadıqlarını söylədilər.  
Şahidlərin ifadələri dinlənildikdən sonra hakim İ.Şirinov hadisənin baş verdiyi kafeyə baxış keçirmək və iş üzrə olan sübutların dəyərləndirilməsi üçün növbəti məhkəmə prosesini  mayın 26-sı saat 15:00-a təyin etdi.
Xatırladaq ki, E.Hüseynov 14 iyun  2008-ci il tarixində “Alaturka” restoranında “ Çe Gevara Fanatları Klubu”-nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb.Polisin təzyiqi nəticəsində huşunu itirən Emin Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

“AZADLIQ” RADİOSUNUN APELLİYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Next Post

JUHİ JURNALİSTLƏRİN SOSİAL PROBLEMLƏRİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.