KİV-ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (27 sentyabr) Nərimanov rayon məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirildi.

            Məhkəmə prosesində iddiaçının nümayəndələri – Aydın Kərimov və  cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı  və onun nümayəndəsi Elçin Sadıqov iştirak edirdilər.
Cavabdehin nümayəndəsi E.Sadıqov məhkəmə iclasının açıq keçirilməsinin nəzərə alınaraq foto və video çəkilişin aparılması, sözügedən məqalənin yazılması üçün yaranmış halların araşdırılması, eləcə də  KİV DF-nin  keçirdiyi ilk müsabiqənin nəticələrinin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırdı. Əvəz Zeynallı isə ötən məhkəmə iclasında Vüqar Səfərlinin məhkəmə iclasında iştirak etməsinin təmin edilməsi barədə qaldırdığı  vəsatəti xatırlatdı.
Hakim A. İsmayılov yerindəcə müşavirə edərək vəsatətlərin qəbul edilmədiyini   bildirdi və növbəti prosesi 11 oktyabr saat 12:30-a təyin etdi.
     Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul tarixli son sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb.
            Qeyd edək ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.
            Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin 3 aprel tarixli sərəncamı ilə yaradılmışdır. Dövlət başçısının 2009-cu ilin may ayında imzaladığı sərəncamla Vüqar Səfərli Fonda icraçı direktor təyin edilmişdir.

Previous Post

TƏHSİL ÜZRƏ EKSPERTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

KİV Ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN XURAL QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.