HƏBSİ ZAMANI GƏNC FƏALIN ZORAKILIQLA ÜZLƏŞMƏSİNƏ DAİR MƏHKƏMƏ PROSESİ KEÇİRİLİR

Fevralın 17-də Sumqayıt şəhər Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Sumqayıtda saxta narkotik ittihamı ilə həbs edilən AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı saxlanılarkən baş vermiş qanun pozuntularına görə onun işinin istintaqını aparan polisə  qarşı qaldırdığı  iddiası  üzrə  məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, axşam saat 19.50 -radələrinə qədər davam edən məhkəmə prosesi qapalı keçirilib. Prosesə yalnız  gənc fəal Cabbar Savalanlının vəkilləri Anar Qasımov və Əsabəli Mustafayev iştirak edib.

Prosesdən sonra vəkil Anar Qasımov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, fevralın 14-də keçirilən proses zamanı hakimə verdikləri etiraz təmin edilməyib. Məhkəmə zamanı hər iki vəkil  gənc fəalın barmaqlıq arxasında əl-qolu bağlı halda oturulmasına etiraz ediblər və hakim Elman Məmmədov bu vəsatəti təmin edərək, Cabbar Savalanlının vəkilləri ilə birgə əyləşməsi, habelə qollarının açılmasına razılıq verib. Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirovun və təqsirlənən fəal Cabbar Savalanlının ifadələri dinlənilib. Amma vəkil prosesin qapalı keçirildiyi üçün verilən ifadələrin istintaq sirri olduğunu qeyd edərək detalları açıqlamayıb.

 Növbəti proses fevralın 22-i  saat 15:00-da davam edəcək.

            Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis onun üzərində axtarış aparılarkən 0,74 qram narkotik maddə aşkarlandığını bildirib, Sumqayıt Şəhər Məhkəməsi isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

           Yerli hüquq müdafiə və gənclər təşkilatları bu həbsin sifarişlə həyata keçirildiyini,  Savalanlının sosial şəbəkələrdə səsləndirdiyi hakimiyyəti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirirlər.

 

Previous Post

ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRİ MEDİA RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.