TƏHMASİB NOVRUZOVUN İDDİASI ÜZRƏ “AZADLIQ” QƏZETİNİN MƏHKƏMƏSİ İYULUN 1-DƏ DAVAM EDƏCƏK

Bu gün (05 iyun) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə “Azadlıq Hərəkatçıları” Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilməli idi.

Amma iclas cavabdeh “Azadliq” qəzetinin baş redaktoru Azər Əhmədovun qəzetin vəkili Elçin Sadıqovun Bakıda olmadığını əsas gətirərək məhkəmənin üç həftə müddətinə təxirə salınması ilə bağlı qaldırdığı vəsatətin təmin olunması nəticəsində təxirə salındı.
Məhkəmədə iddiaçının nümayəndələri Şamil Behbudov və Nəzər Nəzərov, cavabdeh tərəfdən isə qəzetin baş redaktoru Azər Əhmədov iştirak edirdi.
 Prosesi 1 iyul saat 10:00-a  qədər təxirə salındı. 
Belə ki, RATİ məhkəmədə foto və video çəkilişi aparmaq üçün məhkəməyə müraciət təqdim etsə də hakim tərəflərin mövqeyini öyrəndikdən sonra müraciətə cavab verəcəyini deyib. Proses başlayanda isə RATİ-nin əməkdaşlarına çəkiliş aparmaqla bağlı icazə verilməyib. Amma “Lider” televiziyasının əməkdaşlarına  problemsiz çəkiliş aparmağa imkan yaradılıb.
Xatırladaq ki, birliyin rəhbəri Təhmasib Novruzovun imzası ilə verilmiş iddia ərizəsində «Azadlıq» qəzetinin yaranma və fəaliyyət tarixi xatırladılır və qeyd olunur ki, qəzetə rəhbərlik edənlər onu öz müqəddəs yolundan yayındırmaq istəyiblər: “1995-ci ildə “Azərbaycan Xalq Cəbhəsi” (AXC) hərəkatı bazasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yarandıqdan sonra heç bir səbəb olmadan AXC-nin mülkiyyəti olan «Azadlıq» qəzeti AXCP-nin orqanı kimi deyil, qəzet kollektivinin orqanı kimi fəaliyyət göstərib”, – deyə qeyd olunan iddia ərizəsində tələb olunur ki,  “Azadlıq” qəzetinin təsisçiliyi redaksiya kollektivindən alınaraq AXCP-yə verilməli və qəzetə "İstiqlal" muzeyində guşə yaradılması məqsədi ilə redaksiya 150 000 AZN məbləğində cərimələnməli, həmin vəsait  muzeyin fonduna köçürülməlidir:
“Heç kim haqq verə bilməz ki, azadlıq hərəkatı fəallarının yaratdığı «Azadlıq» qəzeti Qənimət Zahid, Mirzə Sakit, Aqil Xəlil kimi şər-böhtan bahadırlarının, Ruslan Bəşirli, Eynulla Fətullayev kimi düşmənlə separatçılıq edənlərin tribunasına çevrilsin”, – deyə iddia ərizəsində qeyd olunur.
“Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov isə iddianı siyasi hakimiyyətin verdiyi sifariş hesab edir. Onun sözlərinə görə, «Azadlıq» qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin orqanı kimi yaradılıb. 1993-cü ildə redaksiya kollektivi də təsisçi olub. Azərbaycan Xalq Cəbhəsi partiyaya çevriləndən bir neçə il sonra partiya qəzetin təsisçiliyindən imtina edib. Bundan sonra qəzetə redaksiya kollektivi təsisçilik edib.
Azər Əhmədov iddianı absurd,  tələb olunan cərimənin də ağlasığmaz hesab edir. Onun sözlərinə görə, məmurların qəzetə qarşı qaldırdıqları onlarla absurd iddiaların məhkəmələr tərəfindən təmin edilməsi hesabına “Azadlıq” qəzeti indiyə qədər ümumilikdə  300 min dollar həcmində cərimə edilib:
“Habelə iddiaçı Təhmasib Novruzov bir müddət bundan öncə “Lider” TV-də nümayiş olunan qara yaxma xarakterli  “İflas” filmində “Azadlıq” qəzeti kollektivi və müxalifətdə olan AXCP-nin sədri Əli Kərimli haqqında təhqiramiz ifadələr işlədib. O hakimiyyətin qara yaxma üzrə əsas ruporlarından biridir”, – deyə Azər Əhmədov bildirdi. 

Previous Post

Avropa Birliyi Nümayəndələrinin Cənubi Qafqaz üzrə Mətbuat Konfransı

Next Post

STREKALENİN MƏHKƏMƏSİ BAŞLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.