ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ 2 GÜNLÜK SƏFƏRLƏ AZƏRBAYCANDADIR

iyun 16th, 2011
Azərbaycanda iki günlük səfərdə olan ABŞ Dövlət Katibinin köməkçisi Tomas Melia bu gün  (16 iyun)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda bir qrup media və QHT rəhbəri ilə görüşüb. Görüşdən sonra isə cənab Melia media təmsilçiləri üçün brifinq keçirib.

Brifinqində çoxsaylı jurnalistin və telekanalın iştirak etməsinə T.Meliya zarafatla replika da atıb: “Hər kəsə təşəkkür edirəm, mən Eurovizion qalibləri El  və Nikinin müsiqi qrupunun üzvü deyiləm – yəni, bu qədər diqqət çəkdiyimə görə bunu deyirəm”, – deyə qeyd edən Meliya bildirdi ki, əgər El və Niki cütlüyü  Bakıda olsalar, o da ulduzlarla görüşməyə cəhd edəcək.  Daha sonra o, Bakıya səfərinin məqsədlərini açıqladı.

“Əslində mən 2 günlüyə səfərə gəlmişəm və məqsədim ABŞ prezidenti və Baş katibinin səfir Brayza olan həm dövlət səviyyəsində,  həm də fərdi dəstəyini nümayiş etdirim. ABŞ-la Azərbaycan arasında yüksək əməkdaşlıq var. Bu istər təhlükəsizlik, istərsə enerji, istər iqtisadiyyat sahəsində olsun əməkdaşlıqdır. Əlbəttə  ümid edirəm ki, bizim əməkdaşlığımız daha da inkişaf edəcək. Keçirdiyim görüşlərdə də qeyd etdiyim kimi, bizim  daha yüksək səviyyədə əməkdaşlığımız demokratik ölkələrlə, öz vətəndaşlarının hüquqlarını qoruyan hökumətlərlə olur. Buna görə də biz Azərbaycandakı tərəfdaşlarımızı həm insan hüquqları sahəsində, həm siyasi fəaliyyət imkanına daha açıq olmağa çağırırıq”, – deyə qeyd edən T.Meliya artıq Bakıda

siyasi partiya rəhbərləri, QHT və media qurumları rəhbərləri ilə görüşdüyünü, habelə “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru məzarını ziyarət etdiyi qeyd etdi.

 “Bu gün 6 il bundan əvvəl qətlə yetirilmiş və bu qətllə bağlı istintaqın nəticələri olmayan jurnalist Elmar Hüseynovun məzarını ziyarət etmişik. Biz  ümid edirik ki, bu sahədə də bir irəliləyiş olacaq və sizin kimi jurnalistlər də etməli olduqları işi görəcəklər”, – deyə o qeyd edib.
 

Jurnalistlərin suallarını cavablandıran T.Meliya onun səfəri ərəfəsində Bakıda amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Silya Devis naməlum şəxslərin hücumuna məruz qalması barədə artıq məlumat aldığını və bu narahatedici məlumatla bağlı vəziyyəti öyrənəcəyini bildirdi.