BMT-NİN İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏSİNDƏ AZƏRBAYCAN ÜZRƏ DİNLƏMƏLƏRƏ BAŞLANILIB

Dünən (09 noyabr) Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) 43-cü sessiyası çərçivəsində Azərbaycanda işgəncə və digər qeyri-insani davranış halları ilə bağlı müzakirələr başlanılıb. Günün birinci yarısında İƏK-in sədri və üzvləri Azərbaycandan gəlmiş və Komitəyə alternativ hesabat təqdim etmiş hüquq müdafiə təşkilatlarının nümayəndələri ilə görüş keçirmişlər. Görüşdə hüquq müdafiəçiləri onları narahat edən məsələlər barədə məruzələr etmişlər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rəsul Cəfərov Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan Azərbaycan QHT-ləri (D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyası, Demokratiya və İnsan Hüquqları İctimai Birliyi, Hüquq Maarifçiliyi Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi, RATİ) tərəfindən İnsan Haqları Evi Fondu (HRHF) ilə birlikdə hazırlanan hesabat üzrə bəyanatla çıxış etmişdir. Cəfərov bəyanat vasitəsilə Azərbaycanda insanların işgəncə və digər qeyri-insani davranışdan qorunmaq istiqamətində problemlərin olduğunu bildirmiş, gənc tanınmış bloggerlər və ictimai fəallar Emin Milli və Adnan Hacızadə, “Tolışi Sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədov, həbsxanada vəfat etmiş siyasi məhbus Faina Kunqurova ilə bağlı məsələlər misal kimi göstərilmişdir. Eyni zamanda Komitə üzvlərinin diqqətinə çatdırılmışdır ki, hesabatda bir sıra tövsiyələr əks olunub və bu tövsiyələrin həyata keçirilməsinə zərurət var. Xüsusilə dindirilmə yerlərində və polis bölmələrində ilkin ifadə alınan otaqlarda video kameraların quraşdırılması məsələsinin qaldırılması Komitə üzvləri tərəfindən xahiş edilmişdir.
Bəyanatla çıxış edən HRHF-un nümayəndəsi Yanet Bahena Azərbaycanda hüquq müdafiəsi ilə məşğul olan RATİ-də Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların aparılmasından narahat olduqlarını bildirmiş və Azərbaycan hakimiyyətini ölkə Konstitusiyası və Avropa İnsan Haqları Konvensiyası ilə nəzərdə tutulan birləşmək azadlığına hörmət etməyə çağırmışdır.     
    Günün ikinci yarısında isə Azərbaycan hökumətini təmsil edən nümayəndə heyətinin üzvləri ilə müzakirələrin aparılmasına başlanılmışdır. Müzakirələr Azərbaycan hökumətinin İƏK-ə təqdim etdiyi 3-cü dövrü hesabat və hüquq müdafiəçilərinin alternativ hesabatlarında qaldırdıqları məsələlər üzrə aparılmışdır. İlk öncə Azərbaycandan olan nümayəndə heyətinin rəhbəri, Xarici İşlər nazirinin mavini Xələf Xələfov çıxış edərək hökumətin işgəncələr və digər qeyri-insani davranış və cəza növlərinin aradan qaldırılması istiqamətində müsbət addımların atıldığını və bu sahədə vəziyyətin pozitiv tərzdə dəyişdiyini bildirdi. “Azərbaycan hökuməti ayrı-ayrı işgəncə hallarını inkar etmir, bununla belə bu cür hallar sistematik xarakter daşımır və təqsirli şəxslərin hamısı cəzalandırılır”, – deyə Xələfov qeyd edib.
Xələfovun çıxışından sonra Komitənin üzvü, eyni zamanda Azərbaycan üzrə məruzəçi Felis Qayer (Felice D. Gaer), Komitənin digər üzvləri və sədri bir sıra suallarla Azərbaycan nümayəndə heyətinə müraciət etdilər. Bu suallar aşağıdakı məsələləri əhatə etmişdir: hökumət tərəfindən təqdim edilən hesabatda dəqiq statistik məlumatların verilməməsi, Cinayət Məcəlləsində (CM) işgəncə tərifində “ayı-seçkilik”  anlayışının nəzərdə tutulmaması, 2001-2008-ci illərdə CM-nin 133-cü maddəsi ilə 161 şəxsin məsuliyyətə cəlb edilməsinin təfərrüatlarının izah edilməməsi, hüquqi yardım səviyyəsinin aşağı olması və vəkillərin sayının olduqca az olması, məhkəmə hakimiyyətinin asılı vəziyyətdə olması, məişət zorakılığının, xüsusilə qadınlar qarşı zorakılıqların araşdırılmaması, Ədliyyə Nazirliyi yanında yaranan İctimai Komitənin fəaliyyətinin şəffaf olmaması, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) izolyatorunun ləğv edilməməsi, müstəqil tibbi ekspertizanın olmaması, Ombudsmanın fəaliyyətinin təfərrüatları, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı zorakılıq hallarının atması, seçkilər dövründə və digər vaxtlarda təşkil edilən mitinqlərin və digər etiraz aksiyalarının zorakılıqla dağıdılması və s.
Konkret hallara gəldikdə isə “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun, gənc bloggerlərin,  Novruzəli Məmmədovun, Faina Kunqurovanın, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən işgəncəyə məruz qalmış şəxslər kimi tanınmış Sərdar Məmmədov (Cəlaloğlu) və Mahirə Muradovanın işi və digər konkret işlər üzrə izahatların verilməsi istənilmişdir.
Vaxtın azlığından Azərbaycan nümayəndə heyəti sualların az bir hissəsinə cavab versə də, cavablandırmanın əsas hissəsi bu gün (10 noyabr) nahardan sonra davam edəcək.

Previous Post

RAMİL USUBOV ƏYYUB KƏRİMİ MƏHKƏMƏYƏ VERİB

Next Post

Emin Milli və Adnan Hacızadənin mehkeme prosesi 11.11.2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.