“SİNG FOR DEMOCRASY” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ ƏCNƏBİ JURNALİSTLƏR ÜÇÜN TƏDBİR KEÇİRİLDİ

“Demokrtiya naminə musiqi” (Sing For Democrasy) kampaniyasını həyata keçirən təşkilatlar bu gün Park İnn otelində xarici və yerli jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirdilər.

Konfransda “Avroviziya-2012” mahnı müsabiqəsinə qatılan jurnalistlər, hüquq müdafiə təşkilatlarının, yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, media işçiləri iştirak etdilər.

Tədbir Azərbaycanın siyasi vəziyyətini əks etdirən videoçarxın nümayişi ilə başladı.  Daha sonra “Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov  Azərbaycanda insanların mülkiyyət hüquqlarının, jurnalistlərin peşə fəaliyyətinə görə həbs edildiklərini, siyasi məhbusların bu gün də məhbus həyatı yaşadıqlarını diqqətə çatdırdı: “Biz Azərbaycanın Avropa dəyərlərinə inteqrasiya etməsinin tərəfdarıyıq”.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus çıxışında “Azərbaycanda nəinki demokratiya heç avtoritar rejim də hakim deyil. Azərbaycan bir qrup mafioz tərəfindən idarə olunur” sözlərilə başladı. Bu gün ölkədə 70 siyasi və vicdan məhbusunun olduğunu və Avroviziya  yarışmasından sonra onları daha ağır cəzaların gözlədiyindən danışdı və nümunə kimi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının adını çəkdi. O baş redaktorun bir deputatın əli ilə şərlənərək həbs olunduğunu dedi.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru  Emin Hüseynov isə “Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində beynəlxalq və yerli mətbuatın diqqətini ölkədəki fundamental insan hüquqlarının pozulmasına yönəldə bildiklərini ifadə etdi: “Azərbaycanda iki jurnalist – Elmar Hüseynov və Rafiq Tağı naməlum şəxslər tərəfindən öldürülüb. Bununla bağlı cinayət işi açılsa da, heç bir nəticə yoxdur. İstintaq lazımı səviyyədə aparılmır. Cinayətkarlar bu gün də cəzasız qalıblar. Peşə fəaliyyətlərində hakimiyyətə qarşı tənqidi yazıları ilə çıxış edən jurnalistlər həbs edilir, dinlənilir, təqib edilir və təzyiqə məruz qalırlar. Jurnalistlər qorxu və həyəcan içində fəaliyyətlərini davam etdirməyə məcbur buraxılırlar. Onların hüquqlarını pozanlar isə hakimiyyət tərəfindən cəzalandırılmırlar.”

Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Şahvələd Çobanoğlu isə bildirdi ki,  Azərbaycanda hakimiyyət xalqa yuxarıdan aşağı baxır, onunla hesablaşmır. “Bu da ondan irəli gəlir ki, prezidenti, parlamenti xalq seçmir. Onlar seçkiləri özləri istədikləri kimi apardıqlarından xalqın nə düşündüyü onlar üçün maraqlı deyil” – deyə o qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə seçkilərin qeyri-qanuni yollarla keçirilməsini ölkənin əsas problemi adlandırdı: “2010-cü ildə keçirilən parlament seçkilərinin nəticələri onu deməyə əsas verir ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərinin demokratik keçiriləcəyinə ümid yoxdur.”

Jurnalistlərin həbsdə olması ilə bağlı tədbir iştirakçılarının açıqlamalarına neqativ münasibət göstərən hakimiyyəti təmsil edən media nümayəndələri  bir daha “Azadlıq” radiosunun əməkdaşı  Xədicə İsmayılova ilə bağlı yayılmış videogörüntülərə münasibət bildirdilər: “O jurnalist prezidentin şəxsi işinə qarışmayaydı, haqqında da elə şeylər yayılmayaydı” deməklə bir daha bu məsələdə hakimiyyətin birbaşa rolu olduğuna diqqət çəkdilər.

Hakimiyyət  mətbuatı nümayəndələri həbsdə jurnalistlərin olduğunu və onların müxtəlif bəhanələrlə həbs olunduqlarını inkar etdilər.

Tədbirin sonunda qeyd olundu ki, Eurovizion yarışmasının bu həftə başa çatmasına baxmayaraq, kampaniyaya qoşulan QHT-lər fəaliyyətlərini bu istiqamətdə bundan sonra da davam etdirəcəklər.

 

Previous Post

MEHMAN ƏLİYEV NORVEÇ İNSAN HAQLARI EVİNİN MÜKAFATI İLƏ TƏLTİF OLUNUB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.