YENİ RƏYƏ GÖRƏ FƏTULLAYEVDƏN GÖTÜRÜLƏN ANALİZLƏRDƏN HEROİN İZLƏRİ AŞAKARLANIB

Dünən qeyd etdiyimiz kimi “Gündəlik Azərbaycan”  və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevdən götürülən analizlərin ümumi nəticəsi açıqlanmışdı.

Nəticədə baş redaktorun narkotik maddə istifadəçisi olmadığı qeyd edilmişdi. Lakin bu gün (02 fevral) analizlərin nəticələrini əks etdirən daha bir rəy açıqlanıb. Fətullayevin vəkili İ. Aşurovun RATİ-yə verdiyi məlumata görə, rəydə bildirilir ki, baş redaktorun analizlərindən heroin izləri tapılıb. Aşurov dünən açıqlanan rəyin ümumi rəy olduğunu və bu rəydə Fətullayevin narkoman olmadığı və müalicəyə də ehtiyacının olmadığı qeyd edilmişdi. Bu günkü rəydə isə baş redaktorun qanında və sidiyində az miqdarda heroin izlərinin tapıldığı vurğulanır.
Bu gün Fətullayevlə görüşən vəkil nə özünün, nə  də baş redaktorun təqdim edilmiş nəticələrə  inanmadıqlarını bildirib. Vəkil artıq müstəqil ekspertizanın keçirilməsini tələb edib. Fətullayev vəkilinə bildirib ki, o heç vaxt narkotik maddə qəbul etməyib və ekspertizanın belə bir rəylə çıxış etməsi onu həbsdə saxlamağa yönəlib.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

RƏŞİD HACILI EYNULLA FƏTULLAYEVİN VƏKİLİ OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.