HİLAL MƏMMƏDOVA QARŞI YENİ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

iyul 4th, 2012
İyulun 3-də “Talişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova əlavə ittihamlar (CM-nin 274 (dövlətə xəyanət) və CM-nin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  irəli sürülüb.

Bu barədə baş redaktorun vəkil Anar Qasımlı məlumat verib.

Vəkilin sözlərinə görə, Hilal Məmmədov indi həm də dövlətə xəyanətdə və milli ayrı-seçkilikdə təqsirləndirilir:

“İyulun 3-də mən müstəntiqlə birlikdə Hilal Məmmədovla görüşdüm. O dedi ki, irəli sürülən bütün ittihamlar saxtadır və istintaqa ifadə verməyəcək”, – deyə qeyd edən vəkil A. Qasımlı əlavə etdi ki, Hilal Məmmədovla bağlı başlanan cinayət işi Nizami Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Rəsmi ittihamda görəsə,  istintaqla müəyyən edilmişdir ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan H.Məmmədov 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait almışdır.

“Verilmiş tapşırıqlar əsasında Hilal Məmmədov respublikamıza qarşı düşmənçilik fəaliyyəti aparmaqda istifadə olunması üçün zəruri məlumatları toplayıb İranın kəşfiyyat qurumuna ötürüb, eləcə də belə məlumatlara malik şəxsləri müəyyənləşdirib həmin təşkilatın nümayəndələri ilə əlaqələndirərək casusluğu ilə dövlətə xəyanət etmişdir.    Cinayətkar fəaliyyətini davam etdirən H. Məmmədov dövlətin konstitusiya quruluşunun təhlükəsizliyini sarsıtmaq məqsədilə yuxarıda adı çəkilən Əbdoli Əli Həmzəli oğlu və digərləri ilə cinayət əlaqəsinə girərək, qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda İranda keçirilən konfranslardakı çıxışlarında, "Səhər-2" televiziya kanalındakı müsahibələrində, "Tolişi Sədo" qəzetində dərc olunmuş məqalələrində və tərcümə etdirərək yaydığı kitablarda respublikamızın ərazisində yaşayan azsaylı xalqların həyatına, mədəniyyətinə, ənənələrinə, tarixinə inam və hörməti sarsıdan fikirlər bildirmiş, aşkar surətdə milli ayrı-seçkiliyin və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir”, – deyə ittihamda bildirilir.

Xatırladaq ki, “Talişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında  Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü  (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Hal-hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır.