ELEKTRON HÖKUMƏTİ NECƏ EFFEKTİV ETMƏLİ

Son illər Azərbaycanda elektron hökumətin formalaşması işində mühüm addımlar atılsa da, bu proses böyük şəffaflıq və vətəndaş cəmiyyətinin iştirakını tələb edir. Bu fikir “Azərbaycanda elektron hökumət layihəsinin texniki və hüquqi aspektləri” mövzusunda seminarda səslənib. Tədbiri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Onlayn İfadə Təşəbbüsü Kampaniyası çərçivəsində Kanadanın Yeli Təşəbbüslər Fondunun maliyyə dəstəyi ilə keçirib.

Görüşü açan Beynəlxalq Mediaya Dəstək Təşkilatının regional proqramlar üzrə rəhbəri Gülnarə Axundova bildirib ki, elektron hökumətin əsas ideyası vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsindən ibarətdir. O deyib ki, seminar təşkilatçılarının təkidli dəvətlərinə baxmayaraq, elektron xidmətə görə məsul olan şəxslər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri tədbirə gəlməyiblər.
İREX-in nümayəndəsi Ələsgər Məmmədli bildirib ki, elektron hökumətin effektivliyinin şərtlərindən biri əhalinin 60%-nin genişzolaqlı İnternetlə təmin olunmasıdır. Lakin Azərbaycanda ADSL texnologiyası üzrə sürətli İnternet iri şəhərlərdə və bəzi rayon mərkəzlərində yayılıb.  Ölkənin 4500-dən çox kəndində genişzolaqlı İnternet yoxdur. Ə.Məmmədli diqqəti ona yönəldib ki, bu ilin iyununda BMT İnternetə çıxışı insan hüquqlarının digər bir növü kimi tanıyıb ki, buna da hökumət tərəfindən zəmanət verilməlidir. Eyni zamanda ölkədə İnternetin qiyməti yüksək olaraq qalır, baxmayaraq ki, son illər bir qədər azalıb. Hazırda 1Mbit/s üçün təxminən 15 manat təşkil edir. Minimal əməkhaqqı göstəricisi ilə nisbətdə bu, 15% təşkil edir. Elektron hökumətin tətbiqinə gəlincə, 200-ə yaxın elektron xidmət növünün göstəriləcəyi bəyan edilir, lakin bunun bəzisi yalnız on-line informasiyadan ibarətdir.
RATİ-nin direktoru Emin Hüseynov bildirib ki, nəhayət Azərbaycanda elektron imza tətbiq olunmağa başlayıb, baxmayaraq ki, qanun 2004-cü ildə qəbul olunub. Lakin hazırda elektron imzanın təhlükəsizliyinin təminatı problemi var. Elektron imzaların həqiqiliyinin yoxlanması üçün yaradılan http://e-imza.az/ özü təhlükəyə məruz qalıb. O, elektron imzanın təhlükəsizliyinin təminatı üçün Avropa praktikasından istifadə olunmasını təklif edib. Belə ki, elektron imzalı çipləri həmçinin gözün rəngi, barmaq izləri və s. biometrik məlumatlar tamamlayır. E. Hüseynov hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində əhali arasında maarifləndirmə işlərinə başlamalı olduğunu deyib.
Sosial media üzrə ekspert Bəxtiyar Hacıyev qeyd edib ki, elektron hökumət tərəfindən 200-dən çox xidmət növü təqdim olunsa da, onların çoxu səmərəli fəaliyyət göstərmir. Elektron hökumətin formalaşmasında ciddi problem ayrı-ayrı dövlət qurumlarının idarələrarası mübadilə aparmaq istəməməsidir.
Hər üç məruzəçi vahid pin kod sisteminin tətbiqinə tərəfdar olduqlarını bildiriblər ki, bununla da vətəndaşlar bütün dövlət orqanlarının sistemlərinə daxil ola bilər.
Seminar iştirakçıların fəal müzakirəsi ilə davam edib. Çıxışlarda BMT-nin apardığı araşdırmalar əsasında hazırlanmış hesabata istinadən Azərbaycanda elektron hökumətlə keçmiş SSRİ məkanındakı elektron hökumətlər arasında müqayisələr aparılıb, Azərbaycanda durumun ürəkaçan olmadığı deyilib. Elektron hökumətin normal fəaliyyəti üçün əhali ilə müzakirələr aparılması, kadr çatışmazlığı probleminin həll edilməsi, regionlarda fəaliyyətin genişləndirilməsi, dövlət qurumlarında ictimai şuraların yaradılması təklifləri səslənib.

Previous Post

“AZADLIQ” QƏZETİNİN BANK HESABINA QOYULAN HƏBS GÖTÜRÜLÜB

Next Post

“LİBERALİZM VƏ MÜNAQİŞƏLƏRİN HƏLLİ” MÖVZUSUNDA DƏYİRMİ MASA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.