İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI:

2 APREL AKSİYASININ DAHA 4 İŞTİRAKÇISININ AZADLIQDAN MƏHRUM EDİLMƏSİ İLƏ SİYASİ MƏHBUSLARIN SAYI ARTDI
ŞAHİN HƏSƏNLİ BARƏDƏ HÖKMÜN QÜVVƏDƏ SAXLANILMASI SİYASİ SİFARİŞDİR

   İnsan Hüquqları Klubu (İHK) oktyabrın 3-də 2011-ci 2 aprel aksiyasında iştiraka görə saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının, Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Məhəmməd Məcidlinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barədə 2 illik şərti cəza müəyyən edən qərarın çıxarılmasını qəti şəkildə pisləyir və bu qərarı siyasi sifariş kimi qiymətləndirir. İHK eyni zamanda oktyabrın 3-də AXCP funksioneri Şahin Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarın Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanmasını da siyasi sifariş hesab edir və bu qərarı pisləyir.

             İHK bəyan edir ki, 2 aprel aksiyasının təşkilatçıları kimi cəlb edilən 4 nəfərin məhkəməsində işin araşdırılması zamanı bir sıra qanun pozuntularına yol verilmiş, müxaliflərin vəkilləri tərəfindən qaldırılan vəsatətlərin əksəriyyəti təmin edilməmiş, şahidlər ziddiyyətli ifadələr vermiş, sübutların tədqiqində ciddi nöqsanlar aşkarlanmış, nümayiş etdirilən videogörüntülərin əslində müxaliflərin xeyrinə olduğu məlum olmuşdur.

 İHK bəyan edir ki, Şahin Həsənlinin birinci instansiya məhkəməsinin qərarı ilə maksimal cəzaya məruz qalması – 2 il müddətinə azadlıqdan məhrum edilməsi və məhkəmə proseslərinin monitorinqi zamanı üzə çıxan pozuntular artıq cəzanın siyasi sifariş nəticəsində çıxarıldığını göstərirdi. Gəncə Apelyasiya Məhkəməsinin dünənki qərarı da bu iddiaları bir daha sübut etmiş oldu.

 

İHK hesab edir ki, bu həbslər əslində insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına, müxalif və gənc fəalların susdurulmasına və cəmiyyətdə qorxu hissinin gücləndirilməsinə yönəlib. Hakimiyyətin nümayiş etdirdiyi bu mövqe onların başqa cür düşünən şəxslərə qarşı dözümsüzlüyünün göstəricisidir. Bununla Azərbaycan hakimiyyəti 18 oktyabrda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü və 8 aydan sonra Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsi ərəfəsində yerli və beynəlxalq qanunvericiliyə əməl etmək istəmədiyini bir daha açıq şəkildə nümayiş etdirmiş oldu.

 İHK Azərbaycan hakimiyyətindən Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Şahin Həsənlini, o cümlədən digər siyasi məhbusları dərhal azadlığa buraxmağı tələb edir. İHK beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə, adları çəkilən şəxslərin azadlığa çıxması üçün səylərini artırmağa çağırır. .  

 *İnsan Hüquqları Klubu 2010-cu il dekabrın 10-da bir neçə hüquq müdafiəçisi (İdrak Abbasov, Emin Hüseynov, Səbuhi Qafarov, Rəsul Cəfərov, Zöhrab İsmayılov, Natiq Cəfərli,  və s.) tərəfindən yaradılan hüquq müdafiə təşkilatıdır.  

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI.0

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.