Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun İnternet Televiziyalarının dövlət tərəfindən tənzimlənməlidir fikrini qətiyyətlə pisləyir və bunu ifadə azadlığına müdaxilə kimi qiymətləndirir.
RATİ qeyd edir ki, televiziya kanallarının müstəqil olmadığı, radio yayımı üzrə tezliklərin dövlətə yaxın qurumlara verildiyi, ifadə azadlığının boğulduğu, öz fikirlərini ifadə etdikləri üçün həbs edilən gənc fəallar və jurnalistlərinin sayının çoxaldığı bir dövrdə internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsinə qərar vermək ifadə azadlığına vurulan növbəti böyük zərbələrdən biri olar.
RATİ hesab edir ki, ölkədə televiziya və radio tezlikləri olduğu halda məhdud sayda tezlik elan edən və dövlət televiziya və radiolarında “Televiziya və Radio Yayımı haqqında ” qanunun tələbləri pozulduğu halda hər hansı bir tədbir görməyən bir qurumun sədrinin internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsinə ehtiyac var deməsi Azərbaycanda müstəqil fəaliyyət göstərən internet televiziyalarını nəzarətə götürməklə dövlət senzurasını online televiziyalar üzərində də tətbiq etmək istədiklərini göstərir.
RATİ bəyan edir ki, Azərbaycanda fəaliyyət göstərən internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozuntusudur.
RATİ Azərbaycan hakimiyyətini internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsi barədə hər hansı qərar qəbul etməkdən çəkinməyə və ifadə azadlığına təzyiqlərdən əl çəkməyə çağırır.