CABBAR SAVALANLININ HƏBSİ SİYASİ SİFARİŞDİR
VİDADİ İSGƏNDƏROV BARƏSİNDƏ BAŞLANILMIŞ CİNAYƏT İŞİ QURAMADIR
İnsan Hüquqları Klubu (İHK) mayın 4-də gənc fəal, Azərbaycan Xalq Cəbhəsi Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və hüquq müdafiəçisi Vidadi İsgəndərov barəsində mayın 2-də cinayət işi açılaraq onun həbs edilməsini kəskin şəkildə qınayır və bunu siyasi sifariş kimi dəyərləndirir.
İHK bəyan edir ki, Vidadi İsgəndərovun 7 noyabr 2010-cu ildə keçirilən seçkilərdən 6 ay sonra seçkilərlə bağlı cinayət ittihamı ilə üzləşməsi onun başqa səbəbə görə həbs edilməsinin göstəricisidir. İHK hesab edir ki, İsgəndərovun həbsi əslində onun son dövrlərdə ictimai-siyasi aktivliyinin artması ilə bağlıdır. İsgəndərov müxalif şəxslərin birləşdiyi qurum olan İctimai Palatanın üzvü kimi etiraz aksiyalarını müşahidə edərək qanun pozuntularını qeydə alması və bu məsələdə prinsipiallıq göstərməsi onun həbsinə gətirib çıxarmışdır. İHK bəyan edir ki, hüquq müdafiəçisinin həbsi prinsipiallıq nümayiş etdirən digər hüquq müdafiəçilərinə birbaşa təhdiddir.
İHK bəyan edir ki, hakimiyyətin nümayiş etdirdiyi bu mövqe onların başqa cür düşünən şəxslərə qarşı dözümsüzlüyünün göstəricisidir. Bunun nəticəsində Azərbaycanın insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət edilmir, insan hüquq və əsas azadlıqları kobud surətdə pozulur. Bununla Azərbaycan hakimiyyəti yerli və beynəlxalq qanunvericiliyə əməl etmək istəmədiyini bir daha açıq şəkildə nümayiş etdirmişdir.
İHK Azərbaycan hakimiyyətindən Cabbar Savalanlı və Vidadi İsgəndərovu dərhal azad etməyi və bu tip həbsləri dərhal dayandırmağı tələb edir. İHK beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə, adları çəkilən şəxslərin azadlığa çıxması üçün səylərini artırmağa çağırır. .
*İnsan Hüquqları Klubu 2010-cu il dekabrın 10-da bir neçə hüquq müdafiəçisi (İdrak Abbasov, Emin Hüseynov, Səbuhi Qafarov, Rəsul Cəfərov, Zöhrab İsmayılov, Natiq Cəfərli, və s.) tərəfindən yaradılan hüquq müdafiə təşkilatıdır.