HÜQUQ MÜDAFİƏÇİSİ GÖMRÜKDƏ HƏDƏ VƏ TƏHQİRƏ MƏRUZ QALIB

Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun (RATİ)  sədri Emin Hüseynov  fevralın 1-də  axşam saatlarında Heydər Əliyev adına Hava Limanının Gömrük nəzarət məntəqəsində  Dövlət Gömrük Komitəsinin təhqir və təzyiqləri ilə üzləşib. Bu barədə Hüseynov fevralın 2-də Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

Hüseynovun sözlərinə görə, Dubaydan Azərbaycana qayıdarkən onu gömrükdə  saxlayıblar və  onu orada 3 saat ac-susuz saxlayıblar.

            “Gömrük nəzarəti məntəqəsində böyük növbə var idi. İnsanları, ən əsası isə  “blackberry” telefonu gətirən şəxsləri saxlayırdılar. Hər bir telefon üçün qanunsuz olaraq 75 manat rüşvət alırdılar.  Hətta qadınların əyinlərində olan şubaların təzə və ya köhnə olduğu ilə maraqlanırdılar. Əksər insanları saxlayırdılar və  onlarla gizli sövdələşmə apardıqdan sonra onları buraxırdılar.  Mənə gömrükdə bildirdilər ki, mən bəyannamə yazmalıyam və  mən də razılaşdım. Mən Dubaydan  özümlə bir neçə avadanlıq gətirmişdim. Onları da bəyannamədə qeyd etdim. Mən özümlə iki ədəd televizor, 2 ədəd mobil telefon, maşın üçün bir neçə lampa və maşın maqnitofonu gətirmişdim. Azərbaycandan gedərkən özümlə iki ədəd işlənmiş kamera aparmışdım ki, orda onlara uyğun yaddaş kartlarının yerləşdirilməsinin mümkünlüyünü sınayım.  Onlar mənə bildirdilər ki, mən özümlə apardığım  iki kameranı da və hətta özümə aid olan 3 ədəd telefonu da bəyannaməyə qeyd etməliyəm.  Mən bəyannaməyə özümlə apardığım əşyaları da  yazdım. Buna baxmayaraq mənə əsaslandırılmış şəkildə rüsum məbləğini təqdim etmədilər və əşyalarımın müsadirə olunduğunu bildirdilər” – deyə Hüseynov bildirdi.

            Emin Hüseynov  onu da bildirdi ki, gömrüyün  10 nəfərə yaxın əməkdaşı tərəfindən qeyri-insanı rəftara məruz qalıb və  ona hüquqları izah olunmadan, hal şahidlərinin iştirakı olmadan, protokol tərtib edilmədən  şəxsi əşyalarına da baxış keçirilib.  

            “Hətta   bir nəfər əlində bıçağı fırlada-fırlada sifətimə yaxınlaşdıraraq “ə,  nə qanun-qanun salıbsan? ”  deyə məni hədələdi də. Bütün bu baş verənləri azı 20 təhlükəsizlik kamerası da çəkib”  – deyə qeyd edən Hüseynov 2-ci qrup əlil olmasına baxmayaq əşyalarını gömrük işçilərinin təkidi ilə ora-bura daşıdığından səhhətində də ciddi problemlərin yarandığını və hava limanında həkimə müraciət edərək iynə-dərman qəbul etdikdən sonra özünə gəldiyini bildirdi.

             Sonda Emin Hüseynov bildirdi ki, bu məsələ ilə bağlı ilk olaraq Gömrük Komitəsinin rəhbərliyinə  müraciət edəcək və  əgər nəticə əldə olunmasa,  o zaman məhkəməyə müraciət edəcək və işi Avropa Məhkəməsinə qədər apararaq ədalətin bərqərar olunmasına çalışacaq.

 

Previous Post

BAYRAQ MEYDANINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞDİLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.