HÜQUQ MÜDAFİƏÇİLƏRİ BEYNƏLXALQ İNSAN HAQLARI GÜNÜNÜ QEYD EDİBLƏR

dekabr 10th, 2011
 Azərbaycanın bir qrup hüquq müdafiəçisi 10 dekabr – Beynəlxalq İnsan Haqları Günü münasibətilə şənbə günü Reportyorların Azadlıq və Təhlükəsizlik institutunda toplantı keçirib.

İnsan Haqları Günü BMT-nin 1948-ci il dekabrın 10-da İnsan Haqları Bəyannaməsini qəbul etməsilə bağlıdır. Həmin tarixdən etibarən bu gün bütün dünyada İnsan Haqları günü  kimi qeyd edilir.

Bu günkü toplantıda RATİ rəhbəri Emin Hüseynov bu günün bütün dünya insanlarının bayramı olmasına baxmayaraq insan haqları baxımından Azərbaycanda durumun ürəkaçan olmadığını deyib. Ölkənin hüquq müdafiəçilərinin mövcud durumla barışmayaraq ona qarşı mübarizə apardığı vurğulanıb.

Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Novella Cəfəroğlu da insan haqları baxımından Azərbaycandakı durumu xoşagələn saymayıb. Hüquq müdafiə qurumları və hüquq müdafiəçilərinin bu duruma dirəniş göstərdiyi qeyd edilib. Eyni zamanda Azərbaycanda yeni nəsil hüquq müdafiəçiləri yetişdiyi nəzərə çatdırılıb. Hüquq müdafiə işinin təkcə siyasi məhbus məsələsi ilə çevrələnmədiyini deyən hüquq müdafiəçiləri vətəndaşların sosial, mülkiyyət, əmək və s. hüquqlarının da bu sırada əksini tapdığı xatırladılıb.

Hüquq müdafiə işinin daim gərəkli olduğunu deyən iştirakçılar Azərbaycan kimi insan hüquqlarının pozulduğu ölkədə bu fəaliyyətə xüsusi ehtiyac olduğunu da qeyd ediblər. Hüquq müdafiəçiləri insan haqları ilə bağlı gələcəyə bədbin yox,  nikbin baxdıqlarını söyləyərək zaman-zaman bu problemlərin aradan qaldırılacağına əminlik ifadə ediblər.