Bu gün Azərbaycanın ictimai və siyasi xadimləri dekabrın 6-7-də İstanbul hava limanında polis zorakılığına məruz qalmış hüquq müdafiəçisi İntiqam Əliyevə dəstək ifadə ediblər.
Tədbirdə vəkil özü də iştirak edib və dəfələrlə təzyiqə məruz qaldığını bildirib. Ən pisi odur ki, vəkil beynəlxalq ictimaiyyət onun azad edilməsini tələb etdikdən sonra döyülüb. Mülki geyimli iki şəxs onu digərlərinin gözü önündə döyüb, bundan əvvəl isə hava limanında vəkilin əllərini qandallayaraq, cinayətkar kimi aparıblar.
“Mən heyrət içində idim, çünki məni saxlayanlara kim olduğumu demişdim. Yumşaq desəm, Türkiyə səfirliyinin hadisəyə verdiyi reaksiyadan təəccübləndim, düşünürəm ki, hər iki ölkənin hakimiyyəti baş verənləri araşdırmalıdır”, – deyə Əliyev bildirib.
AXCP lideri Əli Kərimli deyib ki, bu, cinayət hadisəsidir və hər iki ölkə hakimiyyəti buna adekvat reaksiya verməlidir və hadisə sonuna qədər araşdırılmalıdır.
Digər çıxış edənlər baş verənlərin hüquqi cəhətdən qiymətləndirilməsi və hadisələrin mətbuatda obyektiv işıqlandırılması zərurətini qeyd ediblər.
Hadisə ilə bağlı ictimai xadimlərdən ibarət böyük bir qrup Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıca baş verənləri araşdırmaq çağırışı ilə açıq məktub göndəriblər.
Tədbirdə həmçinin BP şirkətinin bölmələrindən birinin əməkdaşı Seymur Həmzəyev də çıxış edib. O, bu hadisədən bir gün əvvəl İstanbulda onun da başına analoji hadisə gəldiyini bildirib. “Mənimlə nəzakətlə davranmasını istədiyim üçün polis mənə əl qaldırdı. İndi mən də Türkiyə səfirliyinə müraciət etməyə hazırlaşıram”, deyə Həmzəyev bildirib.
Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli ictimaiyyətin İntiqam Əliyevi müdafiə etməsini Türkiyə dövlətinə qarşı yönəlmiş addım kimi deyil, sadəcə vətəndaşların, o cümlədən türk vətəndaşlarının vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi kimi qiymətləndirib.
Bəlli olduğu kimi, azərbaycanlı vəkilin başına gələn hadisə Türkiyə KİV-in və vətəndaş cəmiyyətinin də qəzəbinə səbəb olub və sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunur.