HÜQUQ MÜDAFİƏÇİLƏRİ QHT FƏALLARINA QARŞI TƏZYİQLƏRİ PİSLƏYİR

Azərbaycanda 7 noyabr parlament seçkilərindən sonra vətəndaşların demokratik hüquq və azadlıqlarının məhdudlaşdırılması daha da güclənib.

Bu zaman əhalinin hüquqlarını müdafiə edən vətəndaş cəmiyyəti fəalları özləri də təzyiqlə üzləşiblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində bu gün keçirilən dəyirmi masada səslənən əsas fikir bundan ibarət olub.
Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Anar Məmmədli hüquq müdafiəçilərinə qarşı təzyiqlərə swbut kimi hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı cinayət işini və Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun (SDİ) binasının sökülməsini qeyd edib.
Onun fikrincə, demokratik azadlıqlara qarşı kütləvi təzyiqlər, o cümlədən mülkiyyət hüququnun pozulması gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin ideyaları ilə bir araya sığmır. Məmmədlinin sözlərinə görə, son illər 20 minə yaxın ailənin mülkiyyət hüquqları pozulub, 2013-cü ilədək isə bu rəqəm 60 minə çata bilər. O, hakimiyyəti bu özbaşınalığa son qoymağa və vətəndaşlara heç bir siyasi ayrı-seçkilik olmadan adekvat kompensasiyalar ödəməyə çağırıb.
Hüquq müdafiəçiləri Sülh və Demokratiya İnstitutu və onunla birlikdə ofisindən məhrum olmuş digər iki QHT ilə həmrəylik əlaməti olaraq sökülmüş binanın yerində rəmzi aksiya keçirmək niyyətindədirlər.
İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov təhlükəli tendensiya – hakimiyyətyönlü siyasətçilərin sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edilməsi ideyalarının səsləndirlməsi ilə bağlı narahatlığını ifadə edib.
O, həmçinin hakimiyyətin AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kriştof Ştrasserə viza verməməsini tənqid edib.
RATİ direktoru Emin Hüseynov Azərbaycan hakimiyyətinin əcnəbilərə viza verilməsi qaydalarını getdikcə daha da sərtləşdirməsinə diqqət çəkib. İndi əcnəbi vətəndaşlardan viza verilməsi üçün ən az üç gün oteldə qalma haqqının ödənilməsi barədə arayış tələb olunur. Məsələ ondadır ki, Azərbaycanda cəmi bir neçə bahalı otel əvvəlcədən elektron ödəmə sisteminə qoşulub. Bu məhdudlaşdırıcı tədbirlər “Eurovision” müsabiqəsinin və Avropa Yayım Şurasının sərhədləri sərbəst keçmə prinsiplərinə ziddir, -Hüseynov belə hesab edir.
Hüquq müdafiəçiləri jurnalistlərin və qonaqların ölkəyə sərbəst gəliş-gedişini təmin etmək məqsədilə viza rejiminin sadələşdirilməsinə nail olmaq niyyətindədirlər.

Previous Post

“GÜNDƏM XƏBƏR” QƏZETİNİN TƏSİSÇİSİNƏ QARŞI CİNAYƏT İŞİ QALDIRILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.