Penitensiar xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə olunan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun səhhəti ağır olaraq qalır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu RATİ-yə bildirib ki, monitorinq qrupu toplaşaraq Müşfiq Hüseynovla bağlı məsələni müzakirə edib: “Müşfiq Hüseynovun səhhətindəki problem bizi də narahat edir və buna görə də Ədliyyə Naziri Fikrət Məmmədovla görüşüb onun azadlığa buraxılmasına nail olmaq istəyirik”.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə Müşfiq Hüseynovun əfv olunması ilə prezidentə müraciət etdiyini, həmçinin yaxın günlərdə onunla görüşəcəyini bildirib.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb. Vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.