“HUMAN RİGHTS WATCH” AZƏRBAYCANDA SÖZ VƏ MƏTBUATIN DURUMU İLƏ BAĞLI HESABAT AÇIQLAYIB

“Human Rights Watch” təşkilatı Azərbaycanda söz, mətbuat azadlığının pozulması və jurnalistlərin təqib olunması haqqında növbəti  hesabatını açıqlayıb.

Oktyabrın 26-da Media Mərkəzində “Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə direktor müavini Reyçel Denber və qurumun Qafqaz ofisinin rəhbəri Georgi Qogia açıqlanan hesabatla bağlı mətbuat konfransı keçirdi.
Xanım Denberin verdiyi məlumata görə, hesabatda deyilir ki, hakimiyyət ona sərf etməyən jurnalistlərə qarşı mübarizədə cinayət təqiblərindən və birbaşa gücdən istifadə edir. Onlarla jurnalist diffamasiya üzrə iddialar, həmçinin digər maddələrlə polis tərəfindən təzyiqlərə məruz qalır. Polis birbaşa KİV-in ictimai baxımdan önəmli məsələlərlə məşğul olmasına müdaxilə edir.
Həbsdən dərhal azad olunmağı barədə  Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olan jurnalist Eynulla Fətullayev,  habelə bloggerlər –  Adnan Hacizadə və Emin Milli azadlığa buraxılmalılıdır. Bu bizim Azərbaycan hökumətinə ilk və əsas  tövsiyəmizdir”, – deyə qeyd edən xanım   Denber onu da bildirib ki, bir nəfər jurnalistin də həbsdə olmağı ölkənin söz və mətbuat azadlığı ilə bağlı reytinqini ciddi zərbə altında qoyur.
“Hakimiyyəti açıq şəkildə tənqid etməyə cəhd göstərən hər kəs zorakılıq, təhdid və təqib obyektinə çevrilməyə risk edir. Son zamanların bir sıra qanunverici və inzibati yenilikləri də ifadə azadlığına mənfi təsir göstərib. 2009-cu ilin martında qəbul olunmuş konstitusiya düzəlişlərinin arasında şəxsin icazəsi olmadan jurnalistlərin çəkiliş aparmasını, ictimai yerlərdə onun fotosunun çəkilməsini qadağan edən müddəa var. Habelə  ötən ilin əvvəlindən FM diapazonunda xarici radiostansiyaların yayımı qadağan edilib. Nəticədə BBC, “Amerikanın səsi” və “Azadlıq” radiosu efirdən kənarlaşıb”,  – deyə o, bildirib.
Georgi Qogia isə bildirib ki,  Azərbaycan hökumətinin ifadə azadlığı hüququnun təminatı sahəsində konkret beynəlxalq-hüquqi öhdəlikləri var. “Görünür, hökumət hesab edir ki, söz azadlığının boğulması, jurnalistlərin qorxudulması yolu ilə özünə sakit həyatı təmin edə bilər. Lakin bunun əvəzində o, tənqidə görə həbslərin sayı üzrə regional birinciliyin sayəsində beynəlxalq birliyin diqqət mərkəzində dayanır”, – deyə cənab Qogia vurğulayıb.
Previous Post

EYNULLA FƏTULLAYEV VƏ BİR QRUP JURNALİST ACLIQ AKSİYASINI DAVAM ETDİRİR

Next Post

RATİ-NİN MƏDƏNİYYƏT TELEKANALINI AÇILMASI İLƏ BAĞLI ELAN EDİLMİŞ MÜSABİQƏNİN YEKUNLARINA DAİR BƏYANA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.