MİRZƏ SAKİTİN MÜSAHİBƏSİ

– Ümumi vəziyyətiniz necədir?

– Səhhətimdəki bəzi problemləri nəzərə almasaq, həbsxanada olduğum müddətdə özümü daxilən azad hesab etmişəm. Həbsxanadakı vəziyyətə gəldikdə isə, 14 saylı Cəzaçəkmə Müəssisəsi ağır rejimli “zon” olduğundan, oradakı vəziyyət barədə danışmaq olmaz. Həmən dəqiqə adamı “karser”ə salarlar. Amma mən danışıram.


– Əfvə düşməməyiniz sizə necə təsir etdi?
– Yüz faiz əmin idim ki, adım əfv siyahısında olmayacaq. Hüquq müdafiəçiləri məni başa salmağa çalışırdılar ki, əfv  ərizəsi yazmaq prosedur qaydadır və mən mütləq buna əməl etməliyəm. Əfvə düşməməyimin əsl baiskarları demək olar ki, əfv komissiyasının üzvləridir. Elə bil ki, klanın bütün üzvləri mənə düşmən kəsilib. Mən yazılarımda və şeirlərimdə ancaq haqqı tərənnüm etmişəm, haqqın tərəfində dayanmışam. Yaxşı bilirəm ki, əfvə düşməməyim sırf İlham Əliyevin iradəsinə bağlı bir məsələdir.
– Sizcə nəyə görə hakimiyyət həbsdə olan digər 5 jurnalisti azadlığa buraxsa da, Qənimət Zahidə, Eynula Fətullayevə, eləcə də sizə qarşı münasibətdə analoji addım atmadı?
– Biz haqq adamlarıyıq. Şeytanın haqq qarşısında günahı çox olduğundan haqqa gücü çatmır, yerdəki bəndələrindən qisas alır. “Haqq nazilər, amma üzülməz” – deyib, babalarımız.
– Mart ayında növbəti əfv fərmanının imzalanacağı gözlənilir. Bu dəfə siyahıya düşəcəyinizi güman edirsinizmi?
– 1 il 3 ay cəza müddətim qalıb. Allahın köməkliyi ilə həmin “srok”u başa vurub, əvvəlki işimi davam etdirəcəm. Çox humanist adamam. Ancaq buna baxmayaraq məni şərləyən adamları heç vaxt bağışlamayacağam. Martda veriləcək əfv fərmanına isə əfv komissiyasının sədrinə baxdığım kimi baxıram…
– Bəs əfv ərizəsi yazıb azadlığa çıxan jurnalistlərə münasibətiniz…
– Həmin axşam bir neçə dustaq dostla əfvə düşən jurnalistlərin şərəfinə şirniyyat süfrəsi açdıq. Onların azadlığa çıxmasına çox sevindim. Dustaqlar və işçi heyət isə mənim əfvə düşməməyimə təəssüfləndilər. Mən onlara təsəlli verdikcə təəccüblə deyirdilər ki, sən nə qəribə adamsan, təsəllini biz sənə verməliyik.
– Qənimət  Zahidin həbsi xəbərini necə qarşıladınız?
– Sovet dönəmində əxlaqsız qadınları bəzi insanları üzünə qoyaraq onları həbs edirdilər. İndi elə əxlaqsız “kişilər” meydana çıxıb ki, daha o cür qadınlara ehtiyac qalmayıb. Qəniməti şərləyən sifarişçi, o cümlədən bu şəri icra edən şəxs həmin  qəbildən olan “kişilərdəndir”.  Qəniməti gec-tez şərləyib həbs edəcəklərini bilirdim. Ancaq bilmirdim ki, dəfələrlə bizimlə çörək kəsən adam belə vələdüznalıq edəcək. Hakimiyyətin uzun illər apardığı xarici və daxili siyasətin qazancı məhz Vüsal Həsənov kimiləridir. Qaldı ki, məhkəmənin gedişinə, hakim Südabə Məmmədovaya bir tarixi qəhramanlığı xatırlatmaq istəyirəm. Təxminən 1994-95-ci illərdə Cəlilabad Rayon Məhkəməsində bir hakimə sifarişli hökm oxumaq tapşırılıbmış. Həmin hakim vicdanını hər şeydən üstün tutaraq, mühakimə olunan günahsız şəxsə bəraət hökmü çıxarıb, sonra isə istefa ərizəsi yazıb.
Əlbəttə indiki dövrdə hansısa hakimdən belə qəhrəmanlıq gözləmək əbəsdir. Ancaq Qənimət öz dövrünün qəhramanı olaraq qalacaq. İstər azadlıqda, istərsə də türmədə. Çünki o Qənimətdir. Qənimət də olaraq qalacaq. Hakimiyyətin isə ən “bahalı” qəniməti elə Vüsal Həsənovlar, böyründə də  “sevgi” dolu Sevgiladələrdir. “Qazanclarına ” bərəkət.
– Nəyə görə Qənimət Zahidlə sizi aşağılayıcı ittihamlarla mühakimə etdilər?
– Bununla hakimiyyət biz qardaşları nüfuzdan salmağa çalışdı. Ancaq təsir əks təsirə bərabər olduğundan, biz cəmiyyətin gözündə daha da böyüyürük. Bunu hər yerdə duyuruq. Hakimiyyətin isə bu cılızlığı onu daha da cılızlaşdırır.
Mən “xuliqan” Qənimətlə fəxr edirəm. Qənimət isə mənim “nəşələnib” yazdığım həcvlərdən ləzzət alır. Adını çəkmək istəmədiyim yüksək ranqlı zabit bir gün dedi ki, yuxarı instansiyalarda işləyən çox yüksək rütbəli qohumları bir dəfə mənim və Qənimətin haqqında danışarkən açıq şəkildə bizə rəğbətlərini bildiriblər. Hakimiyyət öz əqrəb xislətini heç vaxt tərgidə bilməz. Məğrurların başı məğlubların isə daşı (yəni heykəli) olur. Əgər sabah mənim 98 yaşlı dədəmi həbs etsələr, təəccüblənməyin. Adını da qoyarlar, mütəşəkkil cinayətkar dəstə yaradıb, yaxud narkotik bitki əkib və s…
Bir dəfə 14 saylı həbsxananın rəisindən soruşdum ki, əgər dədəmi həbs etsələr, onu “sançast”a yerləşdirə bilərikmi?
Rəis dedi ki, yəni  belə şey ola bilər? Fikirləşdim ki, əgər sualım rəisi düşündürürsə, deməli, bu baş verə bilər. Yazıq dədəm…
– AŞ PA həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycana səfərləri zamanı jurnalistlərin həbsi ilə bağlı bir-birinə zidd açıqlamalar verdilər. Buna münasibətiniz necədir?
– Çox istərdim ki, Avropa Şurası və ATƏT Azərbaycanda sərbəst toplaşma və MSK-nın paritet əsaslarla formalaşmasının təmin edilməsinə nail olsunlar. Əgər  Ədliyyə Nazirliyindən onlara mənimlə görüşə icazə versəydilər Azərbaycan parlamentarilərinin necə ucuz, necə səlahiyyətsiz olduqlarını dilə gətirərdim. Bu yaxınlarda Milli Məclisin 17 nəfər deputatı Qənimət Zahidi zaminə buraxdırmaq üçün ölkə prezidentinə və Baş Prokurora etdikləri müraciətlərə rədd cavabı verilməsini 17 rayonun əhalisinin müraciətinin rədd olunması kimi qiymətləndirirəm. Mənim şəxsən həmin 17 deputata yazığım gəldi. Həmməruzəçilər mənimlə görüşsəydilər, həqiqətləri onlara çatdırardım.
– Siyasi məhbuslarla bağlı yaradılmış İşçi Qrupun fəaliyyəti sizi qane edir?
– Bizdən ötrü əziyyət çəkən xanımlara –  baxmayaraq ki, bu onların peşə borcudur – mən öz minnətdarlığımı bildirirəm. Novella xanıma söz vermişəm ki, azadlığa çıxan kimi ona şeir həsr edib, qəzetə verəcəm. Verdiyim sözə əməl edəcəm.
İndi İşçi Qrupu tərk edib-etməmələri onların öz işləridir. Bütün xanımlara hörmətlə yanaşıram. Amma onların içində bir-iki kişi xeylağı var. Gərək heç olmasa onlar verdikləri sözə əməl edəydilər. Sahib Məmmədova gəldikdə isə, onun haqqında “Bizim Yol” qəzetində Qan Turalı öz sözünü deyib.
– Həbsxanada dustaqların və işçi heyətin sizə münasibəti necədir?
– Həbsdə olduğum müddət ərzində hələ bir dəfə də olsun, bir dustaqdan özümə qarşı cüzi hörmətsizlik görməmişəm. Sən demə, xalq öz Mirzəsinə hörmət etməyi bacarırmış. İşçi heyətə gəlincə, aramızda elə bir ciddi problem baş verməyib. Onlar mənə məhkum kimi yox, hakimiyyətin girovu kimi baxırlar. Hamısı məni girova çevirənləri lənətləyir. Yazdığım şeirləri bütün dustaqlara paylayıram. Onlar da şeirləri evdən yanlarına gələn doğmalarına verirlər. Və yaşadıqları rayonlarda kserokopiya vasitəsilə çoxaldıb, yaymağı xahiş edirlər. Bütün bunları özüm təşkil edirəm. Yeri gəlmişkən, türmədə bu vaxta qədər 234 nəfər öz ərizəsi ilə AXCP-yə üzv olmaq üçün mənə müraciət edib. Həmin ərizələrin hamısını öz ünvanına çatdırmışam.
– Həbsxanada nəsə yazırsınız?
– Bu vaxta qədər həbsxanada yüzlərlə şeir, felyeton yazmışam. Onların bəzisini “Azadlıq” qəzetinə göndərmişəm. Azadlığa çıxandan sonra inşallah hamısını çap etdirəcəyəm. Yaxın zamanlarda 3-cü kitabım işıq üzü görəcək. Bundan başqa bir roman üzərində işləyirəm. Bu romanda Azərbaycanda 60-cı illərdən bu günümüzə qədər ölkədə baş verən dövləti cinayətlərdən tutmuş, hüquq-mühafizə orqanlarındakı cinayətlər, məhkəmə sistemindəki vicdansızlıqlar, əhalinin başının şou-proqramlarla aldadılması, narkobaronların kimliyi, həbsxanalardakı korrupsiya, rüşvətxorluq, cinayət aləminin görünən və görünməyən tərəfləri, eləcə də başqa məsələlər öz əksini tapıb.
– Həbsdən çıxdıqdan sonra “Azadlıq”a qayıdacaqsınız?
– Mən “Azadlıq” qəzetini “Nyu York Times” və “Vaşinqton -Post” qəzetlərinə dəyişmərəm. Həbsdən sağ çıxsam, yenidən “Azadlıq”da işləyəcəyəm. “Azadlıq” qəzetinə xəyanət etmək öz valideyninə xəyanət etmək kimi bir əmələ bərabərdir.
– Həmkarlarınıza sözünüz?
– Birinci növbədə mən həmkarlarıma bunu deyirəm:
And olsun şəhidlərimizin müqəddəs ruhuna ki, mən heç vaxt nə narkotik daşıyıcısı nə də istifadəçisi olmuşam. Onu mənim cibimə yaramaz polis atıb. Və bir daha həmin müqəddəslərin ruhuna and içirəm ki, mən heç vaxt öz yazı üslubumu dəyişməyəcəyəm. Həmkarlarıma cəsarətli, obyektiv, səmimi qələm sahibi olmağı arzulayıram. Bir də ən böyük arzum Azərbaycan müxalifətinin yumruq kimi birləşib, öz sözünü deməsidir. Bu gün müxalifət liderlərinin birləşməmək ixtiyarı yoxdur. Xalqın xilası məhz bu birliyə bağlıdır. Bu birləşməni əngəlləməyə çalışan hər kəs bu millətin bir nömrəli düşməndir.                                            * Bu müsahibə “Yeni Müsavat” qəzetinin bu günkü sayında dərc edilib.    

Previous Post

JURNALİSTLƏRİN İNFORMASİYA ƏLDƏ ETMƏSİ ÇƏTİNLƏŞİB

Next Post

• TELEKANALLARA KƏNAR MÜDAXİLƏLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN SƏNƏD İMZALANACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.