JURNALİSTLƏRİN İNFORMASİYA ƏLDƏ ETMƏSİ ÇƏTİNLƏŞİB

“1991-1993-cü illərdə informasiya əldə etmək jurnalistlər üçün rahat iş olub, halbuki o zaman bu işi tənzimləyən qanunvericilik yox idi.

Məsələn, indi informasiyanın alınması mümkün olmayan Nazirlər Kabinetindən məlumat almaq, ora gedib-gəlmək jurnalistlər üçün asan idi. Bu onunla əlaqəlidir ki, həmin vaxtlarda iqtisadi mühit daha açıq idi, inhisarçılıq yox idi. Lakin 1993-cü ildən başlayaraq qapalı iqtisadi mühit yarandı, qeyri-leqal iqtisadiyyat formalaşdı, iqtisadi sahədə pozuntular və inhisarçılıq artdı, ona görə də informasiyaların alınması da çətinləşdi”.  Bu sözləri “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanda informasiya azadlığı barədə keçirilən dəyirmi masada deyib. Əliyev hal-hazırda çap mətbuatının monitorinqinin aparıldığını qeyd etdi: ”monitorinq nəticəsində məlum olub ki, jurnalistlərin yazılarının əksəriyyətində ya naməlum mənbələrə istinadlar olur, ya da ümumiyyətlə heç bir mənbəyə istinad edilmir. Bu problemdir, lakin bu təkcə jurnalistlərin problemi deyil, informasiyanın əldə edilə bilməməsindən irəli gələn problemdir. Belə vəziyyətdə işləmək jurnalistlər üçün olduqca ağırdır və bu mətbuat üçün problemlər yaradır. Əgər mətbuata problem yaradırsa, cəmiyyət üçün də problem var”.  
Dəyirmi masada Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz məlumat verdi ki, informasiya əldə olunmasının vəziyyəti ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində neft gəlirləri, büdcə və neft gəlirlərinin sosial mühitə təsiri istiqamətində dövlət strukturlarına və xarici şirkətlərə sorğular göndərilib. Göndərilmiş 69 sorğu üzrə üst-üstə 220 informasiya istənilib. Onlardan 34-ə cavab verilsə də, monitorinqin davam etdiyi dörd ay ərzində qalan 35 sorğu ümumiyyətlə cavablandırılmayıb. Cavablandırılmayan sorğuların 30-u dövlət qurumlarına, 5-i isə neft şirkətlərinə göndərilmişdi. Cavablandırılan 34 sorğudan 15-i tam cavablandırılıb, digərlərinə isə ya qismən cavab verilib, ya da müxtəlif bəhanələrlə sorğu vasitəsilə istənilən informasiyalar verilməyib. Cavablandırma müddəti üzrə 69 sorğunun sadəcə 6%-i qanunla müəyyən olunan vaxtda (qanunda bu müddət 7 iş günüdür) cavablandırılmış, 43% sorğu vaxtından gec cavablandırılmış, 51% isə ümumiyyətlə cavablandırılmamışdır.
 Layihə üzrə ekspert olmuş Qubad İbadoğlu çıxışında bildirdi ki, “əsas məsələ informasiyanın məzmunundadır. Elə informasiyalar var ki, sorğunun ünvanlandığı qurum həmin informasiyaya malikdir, lakin onu vermir. Amma elə informasiyalar da mövcuddur ki, həmin qurumlar onların verilməsinə tam hazırdırlar”.
Tədbir zamanı Nazirlər Kabinetinin, Dövlət Neft Şirkətinin, xarici neft şirkətlərinin (“bp Azərbaycan”, “Statoil” və “Exon” şirkətləri) heç bir sorğuya cavab verməməsi, “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulmuş İnformasiya məsələləri üzrə Müvəkkil institutunun yaradılmalı olduğunun vacibliyi və digər məsələlər üzrə müzakirələr və məsləhətləşmələr aparıldı.   

Previous Post

AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLANIB

Next Post

MİRZƏ SAKİTİN MÜSAHİBƏSİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.