JURNALİST İDRAK ABBASOV ƏTRAFINDA VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB

Jurnalist İdrak Abbasov yenidən problemlərlə üzləşib. Bir neçə gün öncə əməliyyat olunmuş jurnalistin evinin ətrafında bir qrup şəxs çəkilişlər aparıb.

İ.Abbasov prezident İlham Əliyev, mili təhlükəsizlik naziri Eldar Mahmudov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri  Ramil Usubov, KİV redaktorları, hüquq müdafiəçiləri, jurnalist təşkilatlarının rəhbərləri,  xarici ölkələrin və beynəlxalq qurumların Azərbaycanda akkreditə olunmuş missiyalarına müraciət edərək özünün, ailəsinin  və yaxınlarımın həyatına gözlənilən təhlükəni aradan qaldırmağa çağırıb.
“Ailəmə ölkəmizdə təhlükəsiz yaşayıb – işləməyə şərait yaratmağa yardım etməyinizi xahiş edirik”, –  o vurğulayıb.
Jurnalist bildirib ki,  noyabrın 30-da Sulutəpə qəsəbəsindəki evinin yanında 90 XG 707 dövlət nömrə nişanlı ağ rəngli CİP markalı maşın ilə gələn şəxslər müxtəlif istiqamətdən onun evini, evə gələn və gedən yolları, tinlərin şəkillərini çəkib. Bunu təsadüfən həyat yoldaşı Yeganə Abbasova görüb. O, həyətə düşüb çəkilişin hansı məqsədlə aparılması ilə maraqlananda həmin şəxslər qaçaraq bir qədər kənarda saxladıqları yuxarıda bəhs edilən avtomobilə minərək ərazidən uzaqlaşıblar. Bununla yanaşı jurnalistin Sulutəpə qəsəbəsində atasına məxsus evin ətrafında da analoji hadisə qeydə alınıb.
İ.Abbasov hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.
“Düşünürəm ki, mənə və yaxınlarıma qarşı hansısa aktı həyata keçirməyi planlaşdırırlar”, – o qeyd edib.
İ.Abbasov  bildirib ki, təhlükə sovuşmayıb: “Mən ailə  üzvlərimdən, valideynlərimdən və qardaşlarımın ailəsindən çox narahatam. Özüm xəstəyəm, evdə yataq rejimindəyəm. Həyat yoldaşım uşaqları məktəbdən və bağçadan evə gətirir, onları bayıra buraxmırıq. Yenə hansısa təxribat hazırlayıblar. Ailə üzvlərim qorxu içərisindədir”.
Onun fikrincə, ailəsinə və özünə qarşı yeni təxribat planı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin BBC-yə müsahibəsindən sonra başlayıb. “O, mənimlə bağlı faktlara malik olduğunu bildirib. Mən ona cavab verdim. Məhz mənim  cavabımdan sonra ailəmə qarşı münasibət kəskinləşib”, – o qeyd edib.
Jurnalist böhtan və şantaja görə yaxın günlərdə ARDNŞ-nin prezidentini məhkəməyə  vermək niyyətindədir.  Hazırda vəkil Xalid Bağırov iddia ərizəsini hazırlayır.

Previous Post

HİLAL MƏMMƏDOV TƏCRİDXANADA DÖYÜLÜB

Next Post

MÜDAFİƏ KOMİTƏSİ H.MƏMMƏDOVUN DURUMUNDAN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.