VƏKİL HƏBSDƏKİ BLOQÇULARLA GÖRÜŞÜB

Dünən (31 may) vəkil İsaxan Aşurov Xələcdə yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən   bloqçu Emin Milli (Abdullayev)  ilə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  İ.Aşurovun özü məlumat verib.

Vəkil iki gün bundan əvvəl Qızıldaşda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən digər bloqçu Adnan Hacızadə ilə də görüşdüyünü və hər iki bloqçunun səhhətlərindən və saxlanma şəraitlərindən narazılıq etmədiklərini bildirdi.
A.Hacızadənin atası Hikmət Hacızadə də mayın 30-da  oğlu ilə görüşüb. Bu barədə RATİ-yə məlumat verən  ata Hacızadə  də oğlunun səhhətindən və saxlanma şəraitindən narazı olmadığını qeyd etdi.
“Azadlıq” qəzetinin məlumatına görə isə gənc bloqçular “ANTV-Onlayn”ın layiq görüldüyü  “Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatı bloqçuların ailələrinə çatacaq. Bu barədə ANTV-onlayn internet televiziyasının veb-redaktoru Mürsəl Əliyev açıqlama verib.

Qeyd edək ki,  mayın 19-da Hamburq şəhərində Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycandan bu mükafata jurnalist Şahvələd Çobanoğlu  və ANTV onlayn internet televiziyasi layiq görülüb. Laureatların  hər biri  10 000 avro məbləğində  pul mükafatı ilə təltif edilib.
Əlavə olaraq qeyd edək ki, 2000-ci ildən “Zite-Ştivtunq” fondu Gerd Buserius adına həvəsləndirici mükafatları şərqi Avropanın keçid dövrü yaşayan ölkələrinin mətbuat, söz azadlığı və liberal vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan jurnalistlərinə təqdim edir. 2004-cü ildən fond bu mükafatı Norveçin “Azad söz” fondu ilə birgə təqdim edir.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.

Previous Post

ARAZ ÇAYININ YENİ QOLU AÇILDI

Next Post

JURNALİSTLƏRƏ MALİYYƏ YARDIMI EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.