EYNULLA FƏTULLAYEV OMBUDSMANLA GÖRÜŞƏ TƏKİD EDİR

Martın 24-də vəkil Anar Qasımov 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayevlə görüşüb. Vəkilin sözlərinə görə, həyatına təhlükə ilə əlaqədar jurnalist 20 gündən artıqdır ki, karserdə qalır və onun digər cəzaçəkmə müəssisəsinə köçürülməsi istiqamətində heç bir tədbir görülmür.  

Habelə vəkilin  sözlərinə görə, Fətullayev ombudsman Elmira Süleymanova ilə görüşə təkid edir. Fətullayev Ombudsman Aparatının martın 19-da yaydığı xəbərdən narazı qaldığını bildirib.

Belə ki, Ombudsman Aparatının yaydığı məlumatda daha çox onun səhhəti ilə maraqlanıblar, halbuki onun digər cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsinə, həmçinin jurnalistə cəzaçəkmə müəssisəsinə köçürüldüyü zaman naməlum qara maskalılar tərəfindən edilmiş hücuma toxunulmayıb.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

 

Previous Post

CABBAR SAVALANLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Next Post

EYNULLA FƏTULLAYEV OMBUTSMANLA GÖRÜŞƏ TƏKİD EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.