MƏHBUS –JURNALİST EYNULLA FƏTULLAYEVİN AZƏRBAYCAN İCTİMAİYYƏTİNƏ AÇIQ MÜRACİƏTİ

mart 31st, 2011
Müraciəti yazılış üslubunu saxlayaraq olduğu kimi təqdim edirik:

            “Artıq bir neçə dəfə bəyan etdiyim kimi həyat və fəaliyyətim (mübarizəm) cəmiyyət üçün tam açıq olduğundan əzablarla dolu yürüşümün hər bir addımı haqqında oxucularımı məlumatlandırıram. Bir jurnalist olaraq böyük ictimai yükü könüllü çiyinlərimə götürdüyümdən cəmiyyətlə səmimi olmağı özümə borc hesab edirəm. Mən,bir aya yaxındır ki, karserdə çox ağır şəraitdə saxlanılıram. Buna səbəb isə hakimiyyət tərəfindən törənə biləcək təxribatlardan qorunmaqdır.

   Özünüqoruma instinkti bunu diktə edir. Karser-blindejda yerləşməyim səbəbsiz deyil. Bakı İstintaq Təcridxanasında saxlandığım müddətdə düz iki dəfə, 19 oktyabr və 17 noyabr 2010-cu ildə rəis Elxan Sadıqov və onun muzdlu kriminal dəstəsi ilə toqquşmam olub. Məni təxribata çəkmək istəyiblər, fəqət cəhdləri boşa çıxıb. Sonradan çox məşhur kriminal avtoritet də məni xəbərdar edərək, hakimiyyətin cinayətkar ünsürlərdən mənə qarşı istifadə etməsi barədə mənə məlumat vermiş və son dərəcə ehtiyatlı olmağı mənə tövsiyə etdi.

            Ədliyyə polkovniki Elxan Sadıqovun kriminal yuvasında böyük təhlükə ilə üz-üzə qalsam da, fəqət ulu tanrım və vicdanlı insanların köməyi ilə çox ağır vəziyyətlərdən qurtula bildim. Vəkillərim Elçin Sadıqov və Rəşid Hacılı, həmçinin Anar Qasımov təfərrüatlara qədər bir neçə ay bundan əvvəl düşdüyüm ağır situasiyadan hali idilər. Belə bir şəraitdə mənim yeganə yolum nisbətən az təhlükəli 9 saylı c/m-ə (cəzaçəkmə müəssisəsinə) köçürülməyim idi. Yeri gəlmişkən özümdən savayı bu müəssisəyə köçürülməyim haqda xahişləri Avropa Komissiyası, Avropa Şurasının məruzəçiləri, Ombudsman və bir çox yerli QHT-lər də ediblər.

            Lakin gözləntilərin əksinə olaraq mən məhz ən təhlükəli hesab etdiyim müəssisəyə göndərildim. Hakimiyyət həmişəki kimi öz ampluasına sadiq qaldı. Sonra başıma gətirilənlər-maski-şoudan tutmuş soyuq buzlu karserə qədər hamıya məlumdur. Və bu məqamda bəzi KİV-lər guya mənim prezident İ.Əliyevə əfv xahişi ilə müraciət etməyim haqda xoşxəbər tirajlamağa başladı. Birincisi, mən heç bir cinayət törətməmişəm ki, bağışlanmağımı da kimdənsə xahiş edim. İkincisi bu dezinformasiyaların məhz qərəzli, vicdansız vətənpərvər jurnalistin dilindən sevinc hissi ilə səslənməsi, Şərə xidmət edən insanlarda dərin kompleks hisslərini büruzə verdi.

            O istəyir ki, hamı onun dayandığı əclafların sırasında dursun. Martın 3-də mən İ.Əliyevə şəxsi məktub göndərdim. Ümid etdim ki, o, düşdüyüm vəziyyətə müdaxilə edib məni azadlığa buraxacaq, çünki 100 Avropa Məhkəməsini, 1000 tribunalın və 10000 arbitrajın belə qərarları kifayət etməz ki, rəhbərin iradəsinə zidd mənim azadlıq hüququmu təmin etsin. Bəs məktubun məzmunu niyə açıqlanmır? Bu cür suallar da, xüsusilə sosial şəbəkələrdə səslənir. Bu barədə vəkillərim mənə məlumat verib. İzah edirəm – məktubda İ.Əliyevlə bəzi Avropalı diplomatların mənim taleyimlə bağlı apardığı danışıqlara istinad etdiyimdən, bunu etikadan kənar hesab edib, mətni açıqlamadım.

            Çünki bu məktub həmin danışıqlardan qaynaqlandığım mövzulara aid idi. Qarşı tərəf zəruri hesab edirsə açıqlaya bilər. Özümə qaldıqda isə, hər dəfə yaşlı valideynlərimlə türmə qapısında görüşəndə sıxıntı, hətta əzab hissi keçirdiyimi ifadə edib ən azı bu əzabdan xilas olunmaq, ən azı məni azadlığa (ən pis halda lap mühacirətə yollamağa) xahiş etmişəm. Lakin İ.Əliyev mənim bu müraciətimə heç bir reaksiya vermədi, məni karserdə saxlamaqda davam etdi, təzyiqlər, hədələr və təhlükələrin isə arası-sırası kəsilmədi.

            2011-ci ildən sonra sonra mən daha bir həqiqəti açıq şəkildə bəyan edə bilərəm – hakimiyyət mənə qarşı mübarizədə artıq qeyri-hüquqi müstəviyə keçib. Əslində mən bunu 2 mart 2005-ci ildə dərk etdim. Lakin hakimiyyətin azad fikirdən və aşkarlıqdan bu dərəcədə qorxduğunu zənn etmirdim. Mən son nəfəsə qədər mübarizə aparacağam. Bizim və sizin azadlığınız uğrunda!»

            Qeyd edək ki, martın 31-də E. Fətullayevin karserdə 30 günlük qalma müddəti bitir.

            Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.