*EYNULLA FƏTULLAYEVİN VƏKİLİNƏ ONU MÜDAFİƏDƏN ƏL ÇƏKMƏSİ ÜÇÜN TƏZYİQLƏR EDİLİR*

           Həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”
qəzetlərinin baş redaktoru  Eynulla Fətullayevin maraqlarını müdafiə edən
vəkil Elçin Sadıqova jurnalistin müdafiəsindən əl çəkməsi tələbi ilə təzyiq
edilir. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)
Elçin Sadıqovun özü məlumat verdi.

“Hələlik  detallı danışmaq istəməsəm də, bildirim ki, bu təzyiq hakimiyyət
tərəfindən edilir və məndən Eynullanı müdafiə etməməyimi tələb edirlər  və
məni hədələyirlər. Əgər bu hədə və qorxulara son verməyəcəklərsə, mən bütün
detalları ictimaiyyətə açıqlayacağam”, – deyə Elçin Sadıqov vurğuladı.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin
234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq
miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır.
Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində
Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş
ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya
Məhkəməsində baxılır.

Onu da qeyd edək ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi
Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin
iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs
edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc
olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq
qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli
Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı
cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə)
və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya
dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb
və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan
istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə)
da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər
üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan
məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd
edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki,
jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822
avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın
11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu
qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub.

Previous Post

28 12 2010 GÜNÜN XƏBƏRLƏRİ

Next Post

ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.