VALİDEYNLƏRİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

noyabr 12th, 2010
Dünən (10 noyabr) valideynləri  14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (11 noyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verən Adnan Hacızadənin atası Hikmət Hacızadə oğlunun saxlanma şəraitindən narazılıq etmədiyini  və onun səhhətində heç bir problemin olmadığını bildirib.

  Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri –   blogger  Adnan Hacızadə və digər blogger Emin Milli  08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.