ATASINA EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞ VERİLMİR

dekabr 27th, 2010
Emin Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist, oğlu     Eynulla Fətullayevlə görüşə bilmir. Bu barədə bu gün (27 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib.

 Onun sözlərinə görə,  bir ay 10 gündür  ki, ona oğlu ilə görüş verilmir: “Məsələ ilə bağlı Ali Məhkəmənin  hakimi İmran Hacıqayıbova ərizə ilə müraciət etmişəm. Eynullanın vəkili Elçin Sadıqov vasitəsi ilə də müraciət etmişəm, bir nəticə yoxdur”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov RATİ-yə bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, işi istintaq altında və   məhkəmədə olan şəxslərin yaxın qohumları ilə görüşünə məhkəmə icazə verməlidir: “İstər bu gün, istər də digər vaxtlarda prosesə sədrlik edən hakim icazə versə, Emin Fətullayevin oğlu ilə görüşü təşkil edilə bilər”.

Məsələyə münasibət bildirmək üçün RATİ-nin  Ali Məhkəməyə edilən telefon zəngləri nəticəsiz qalıb.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Onu da qeyd edək ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub.

Hazırda isə E.Fətullayev barədə Apellyasiya Məhkəməsinin çıxardığı  həbs-qətimkan tədbirinin dəyişdirilməsi, Avropa Məhkəməsinin qərarına uyğun ona kompensasiyanın ödənilməsinin təmin edilməsi iddiası ilə verdiyi şikayətə Ali Məhkəmədə baxılır.