MÜSTƏQİL JURNALİST AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNƏ ÜZ TUTUR

aprel 30th, 2009
Ali Məhkəmənin hakimi Bağır Əsədovun sədrliyi ilə müstəqil jurnalist Elçin Həsənovun kassasiya şikayətini icraata götürməkdən imtina ilə bağlı şikayətinə baxılıb və Apelliyasiya Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlanılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Həsənovun özü məlumat verib. Belə ki, ötən il dekabrın 14-də AXCP Gənclər və Gənc Türklər Təşkilatları həbsdə olan jurnalistlərin hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Bakının Nizamı küçəsində “Azadlıq qəzetinin pulsuz paylanması” aksiyasını keçirməyə cəhd göstəriblər. Aksiya polis tərəfindən dağıdılıb və bir neçə jurnalist o cümlədən E. Həsənov 39-cu polis bölməsinə aparılıblar. E. Həsənovun sözlərinə görə o bölmədə fiziki və mənəvi zorakılıqlara məruz qalıb. Yalnız ABŞ və ATƏT nümayəndələrinin sərt mövqe bildirməsindən sonra azadlığa buraxılıb. Bu hadisə ilə bağlı E. Həsənov Səbail Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Lakin məhkəmə onun iddiasını icraata götürməkdən imtina edib. Jurnalist növbəti instansiyaya – Bakı Apelliyasiya məhkəməsinə müraciət edib. Bakı Apelliyasiya məhkəməsi də Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. E. Həsənov bu qərardan verdiyi kassasiya şikayəti isə Bakı Apelliyasiya Məhkəməsi tərəfindən şikayətin vəkil tərəfindən imzalanmaması və iş materiallarına vəkil orderi əlavə ediləməməsi əsasları ilə geri qaytarılıb. E. Həsənov dövlət büdcəsinin vəsaiti hesabına pulsuz vəkillə təmin olunmaq üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. E. Həsənov bu məhkəmə instansiyasının da onun hüquqlarını kobud şəkildə pozduğunu və növbəti instansiya kini Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib.