REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Media Hüququ İnstitutu 2010-cu ilin dövlət büdcəsi layihəsində Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) 30 milyon 103 min 665 manat (təxminən 40 milyon dollar) vəsait nəzərdə tutulmasının əleyhinədir.

 RATİ  və MHİ hesab edir ki, AzTV heç bir hüquqi-normativ bazaya əsaslanmadan fəaliyyət göstərir. Belə ki, AzTV dövlət yayımçısı kimi müddətsiz lisenziya verilsə də, bu kanalın bazasında yaradılmış “İdman-Azərbaycan” telekanalına 5 il müddətinə lisenziya verilib. Seçkilərin pulsuz işıqlandırılması zamanı isə iqtidar bəyan edir ki, AzTV dövlət telekanalı deyil, özəl telekanaldır.

     RATİ  və MHİ bəyan edir ki, Azərbaycan vətəndaşlarının  ödədiyi vergi hesabına maliyyələşsə də, AzTV ictimai maraqları təmin etmir və yalnız hakimiyyətdə təmsil olunan müəyyən şəxslərin maraqlarına uyğun fəaliyyət göstərir. Xüsusilə dövlət büdcəsindən maliyyələşdiyi halda, Azərbaycan dövləti və vətəndaşları üçün xüsusi əhəmiyyətə malik olan seçkilərdə pulsuz efir vaxtı ayırmamaqla, izləyicilərin lazımi informasiyaları əldə etməsini təmin etmir. İctimai Televiziya (İTV) isə AzTV ilə nisbətdə (hərçənd ki, İTV də üzərinə düşən vəzifələri tam olaraq yerinə yetirmir) seçkilərdə daha çox vaxt ayırdığı, eləcə də fikir müxtəlifliyinə daha çox yer verdiyi halda, bu telekanala AzTV-dən demək olar ki, 4 dəfə az – 8 milyon 25 min 600 manat vəsait ayrılması nəzərdə tutulub.

     RATİ-nin apardığı televiziya monitorinqi nəticəsində məlum olmuşdur ki, Azərbaycan telekanalları arasında ən bərbad vəziyyət AZTV-dədir. Belə ki, AzTV balans, siyasi plüralizm, fikir müxtəlifliyi, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarının qorunması kimi prinsiplərə riayət etməmiş, bir qayda olaraq xəbərlərdə və digər verilişlərdə alternativ fikirlərə yer ayırmamışdır. Bu kanal siyasi xarakterli xəbərlərinin  94%-dən artığını hakimiyyətin müsbət mənada işıqlandırılmasına həsr edib.

     RATİ  və MHİ Milli Məclisin deputatlarını 2010-cu ilin büdcəsini müzakirə edərkən AzTV-yə ayrılacaq vəsaitə etiraz etməyə və bu layihəyə səs verməməyə çağırır.

     RATİ  və MHİ xatırladır ki, Azərbaycan 2005-ci ildə Avropa Şurası qarşısında dövlət televiziyasının ləğv edilməsi ilə bağlı öhdəlik götürüb və dövləti bu öhdəliyi yerinə yetirməyə çağırır.

     RATİ  və MHİ bir daha qanunverici və icraedici hakimiyyətləri AzTV-ni və “İdman-Azərbaycan” telekanalını ləğv etməyə və hər iki kanalın bazasında növbəti İctimai Televiziya kanallarını açmağa çağırır.

Previous Post

AMNESTY İNTERNATİONAL EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİ VİCDAN MƏHBUSU KİMİ TANIYIB

Next Post

BMT-NİN İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA HESABAT DİNLƏNİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.