Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Hüququ İnstitutu (MHİ) qurama xuliqanlıq ittihamı ilə həbs olunmuş gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin müvafiq olaraq əyalətdə yerləşən 5 saylı, saxlama şəraiti standartlara cavab verməyən 14 saylı cəzaçəkmə müəssisələrinə köçürülməsi qərarını pisləyir.
Qurama olduğu şübhə doğurmayan ittihamlarla həbs olunan bloqçulardan Adnan Hacızadənin Bakının ucqarlarındakı bərbad saxlanma şəraiti ilə tanınan, normal avtomobil yolu belə olmayan cəzaçəkmə müəssisəsinə, Emin Millini isə əyalətdə yerləşən, özbaşınalığın hökm sürdüyü deyilən cəzaçəkmə müəssisəsinə köçürülməsi tənqidçi düşüncəli gənclərə olan hirsin, qəzəbin, qərəzin ifadəsidir. RATİ və MHİ qeyd edir ki, bloqçuların köçürüləcəyi cəzaçəkmə müəssisələrinin rəhbərliyi mediaya, sivil toplum quruluşları nümayəndələrinə, həmçinin məhkumların yaxınları, eləcə də beynəlxalq qurum təmsilçilərilə görüşlərinə dözümsüzlüyü ilə tanınır. Belə ki, tənqidçi jurnalistlər Mirzə Sakit və Fərəməz Allahverdiyev 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən görüşlərlə bağlı davamlı problemlər yaşamış, dəfələrlə işgəncə, təxribat və təzyiqlərə məruz qalmışdılar.
RATİ və MHİ vurğulayır ki, bloqçuların tənqidi düşüncələrin ifadə olunmasına görə belə amansız davranışlara məruz qoyulması tənqidi düşünən hamının gözünü qorxutmağa, onları cəmiyyətdə, hökumətdə baş verənlər barədə diskussiyalar aparmaqdan, öz düşüncələrini açıq ifadə etməkdən çəkindirməyə xidmət edir. RATİ və MHİ hökuməti vətəndaşları toplumun ictimai və siyasi işlərində iştirakdan çəkindirən, inamsızlıq mühiti formalaşdıran bu addımların qarşısını almağa, gənc bloqçular, eləcə də digər jurnalistlər barəsində çıxarılan qərəzli məhkəmə qərarlarını ləğv etməyə çağırır.
RATİ və MHİ Azərbaycan hakimiyyətini beynəlxalq və yerli ictimaiyyət tərəfindən Vicdan Məhbusu kimi tanınan gənc bloqçuları, həmçinin digər vicdan məhbusu Eynulla Fətullayevi azadlığa buraxmağa çağırır.
Qeyd edək ki, hökuməti tənqid edən satirik videorolikə görə qurama “xuliqanlıq”da ittiham olunub həbs edilən Emin Milli (2 il 6 ay) və Adnan Hacızadənin (2 il) Bakı İstintaq Təcridxanasından köçürülməsinə qarar verilib. Adnan Hacızadə artıq Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Hələlik istintaq təcridxanasında saxlanılan Emin Millinin isə Bakıdan 120 kilometr aralıda – Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi nəzərdə tutulur.