ADNAN HACIZADƏ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Gənc bloqçu Adnan Hacızadə Bakı İstintaq Təcridxanasından Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə “Turan”a vəkil Elton Quliyev məlumat verib. Hələlik Bakı İstintaq Təcridxanasında saxlanılan Emin Millinin (Abdullayev) Bakıdan 120 km aralıda – Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə köçürüləcəyini vurğulayan vəkil, gənc bloqçuların səhhətinin normal olduğunu deyib.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.
Previous Post

“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORUNUN ŞİKAYƏTLƏRİ TƏMİN EDİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.