REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Hüququ İnstitutu (MHİ) Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun yerli internet-provayderlərin və Online televiziyaların lisenziyalaşdırılmasının vacibliyi ifadə olunan açıqlamasından narahatlığını bildirir, lisenziyalaşdırmanın Azərbaycanın internet sənayesində son illərdə müşahidə olunan inkişafa ciddi tormozlayıcı təsir göstərəcəyini bəyan edir.

Beynəlxalq təcrübədə internet provayderlərin fəaliyyətinin lisenziyalaşdırılması təcrübəsinin olmadığını vurğulayan RATİ və MHİ vurğulayır ki, məhz lisenziyalaşdırmanın ləğv edilməsinin ardınca Azərbaycanın internet sənayesində inkişaf meylləri müşahidə olunmağa başlayıb. Bunun nəticəsidir ki, xidmət sektorunda ciddi qüsurlar olsa da, internet bazarı artıq bir neçə provayderin inhisarında deyil, internetin bütün ölkə iqliminə yayılması yönündə irəliləyişlər nəzərə çarpır. Milli qanunvericiliyin provayderlərin fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan normalarına görə, bu funksiyanı İqtisadi İnkişaf Nazirliyinin Dövlət Antiinhisar Xidməti həyata keçirməlidir. MHİ və RATİ hesab edir ki, mövcud qanunverici bazanın işləyişinin təmin olunması lisenziyalaşdırmanın tətbiqinin vacibliyi vurğulanan açıqlamaların söykəndiyi arqumentləri aradan qaldırmış olar.
İnternet tv-radioların lisenziyalaşdırılmasının vacibliyi barədə açıqlamanın vətəndaşların ifadə azadlığı hüququnu hədələdiyini, belə təcrübələrə yalnız demokratik inkişafda axsayan ölkələrdə rastlandığını qeyd edən MHİ və RATİ internetin yayımına lisenziyalaşdırmanın tətbiqinin milli qanunverici bazanın, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin ruhuna uyğun olmadığını vurğulayır. “Televiziya və radio yayımı haqqında” Qanuna görə, “…texniki qurğular vasitəsilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi” teleradio yayımı hesab edilir. Bu anlayışa yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. Teleradio yayımı lisenziyalaşdırılan fəaliyyət növüdür. Ancaq “teleradio yayımı” anlayışı telekommunikasiya sistemi ilə, internetlə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları ehtiva etmir. İnternet üzərində fəaliyyət göstərən, yerüstü qurğular ilə radiotezliklərdə yayımlanmayan “televiziya və radiolar” klassik mənada anlaşılan teleradiolarla eyni mahiyyətdə yayım deyil, bu yayımların “teleradio qəbuledicilər tərəfindən” qəbul edilməsi mümkün deyil. Bu səbəbdən internet üzərində yayılan “İnternet TV-Radio”ların lisenziyalaşdırılmasına ehtiyac yoxdur.
MHİ və RATİ Azərbaycan hökumətini söz və ifadə azadlığını hədələyən qərarlardan çəkinməyə, bütün ölkə ərazisində sürətli internet infrastrukturunun yaradılmasını təmin edən, internet üzərindən yayımın inkişaf etdirilməsinə, xidmət sektorunu dirçəldə bilən rəqabətli internet bazarının formalaşmasına yönəlmiş, bütövlükdə yayım mediasının müstəqilliyinin təmin olunmasına hesablanmış addımlar atmağa çağırır.
Qeyd edək ki, aprelin 17-də Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov internet-provayderlərin fəaliyyətinin lisenziyalaşdırıla biləcəyini, habelə lisenziya almayan On-line TV-lərin fəaliyyətinin məhdudlaşdırılacağını açıqlayıb.

Previous Post

NAZİR ONLİNE TELEVİZİYALARI LİSENZİYALAŞDIRMAQ İSTƏYİR

Next Post

Fırıldaqçılar tərəfindən aldadılmış vətəndaş İlahə İlyasovanın məhkəməsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.