REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU HİLLARİ KLİNTONA MÜRACİƏT EDİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Hillari Klintona müraciət edib.  Müraciətdə deyilir:

“Xanım Klinton,

Biz Azərbaycanın jurnalist hüquq-müdafiə təşkilatı olaraq, iyulun əvvəlində Azərbaycana rəsmi səfəriniz ərəfəsində Sizə müraciət etmək qərarına gəlmişik. 17 may 2010-cu ildə ABŞ Prezidenti Barak Obama bütün dünyada söz azadlığını dəstəkləməyə çağıran Daniel Perl Aktını imzalayıb. Prezident Obama 17 may 2010-cu ildə  çıxışında qeyd edib: “Bütün dünyada öz ölkələrinin əhalisinin üzləşdiyi kritik məsələlərə işıq salmağa çalışaraq özlərini böyük risk altında qoyan çoxlu sayda cəsur jurnalist və bloqqer var və onlar zülm və əsarətə qarşı ön cəbhədədirlər.”

Azərbaycan jurnalistlərin, bloggerlərin və KİV-in çox sayda təhlükə ilə üzləşdiyi və gündəlik işlərində zülm və istibdada məruz qaldığı bir ölkədir. Bu ölkədə ABŞ-ın söz azadlığına dəstək verməsinə ehtiyac var.

 “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi. Onun qətli hələ də açılmamış qalır. Azərbaycan hakimiyyəti qətlin sifarişçilərini və icraçılarını tapıb cəzalandırmaq əvəzinə bu cinayətin üstünün açılmasını süni şəkildə uzadır. Hakimiyyət jurnalistlərə bu işin araşdırılması üzrə materiallarla qismən də olsa tanış olmaq üçün imkan yaratmır və bununla da alternativ jurnalist araşdırması imkanlarını çətinləşdirir.  

Demokratik ölkələrdə faciəvi şəkildə həlak olan jurnalistlərin xatirəsinə xeyriyyə fondları, fəxri mükafatlar təsis edildiyi, heykəllər qoyulduğu, küçələrə və parklara adlarının verildiyi halda Azərbaycanda vətəndaş cəmiyyətinin dəfələrlə müraciət etməsinə baxmayaraq hakimiyyət Elmar Hüseynova abidənin ucaldılması üçün bir neçə kvadrat metr ayırmaqdan imtina edir.

Elmar Hüseynovun həmkarı və dostu Eynulla Fətullayev 2007-ci ildə böhtan, terrora çağırış və vergilərdən yayınma cinayətlərində ittiham olunaraq həbs edildi. Həbs edilən vaxt o, bu iş üzrə jurnalist araşdırması aparırdı. Bu il Eynulla Fətullayev açıq şəkildə dəfələrlə bəyan edib ki, onun araşdırmasının nəticələrinə görə Elmar Hüseynovun qətlində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli məmuru Akif Çovdarovun əli var. Nəzərə alsaq ki, Elmar Hüseynovun qətli üzrə araşdırmanı məhz bu nazirlik aparır, Fətullayevin bəyanatlarının dəqiqliklə öyrəniləcəyini gözləməyə dəyməz. Bunun əvəzində MTN Fətullayevin açıqlamalarını çap edən KİV-lərin rəhbərlərini dindirməyə çağıraraq onun dediklərinin mətbuatda yayılmasının qarşısını almağa cəhd edib.  Dindirilənlər arasında Azadıq Radiosunun Azərbaycan bölməsinin rəhbəri Xədicə İsmayılova da olub.   

Fətullayevin dərhal azad edilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının olmasına baxmayaraq, o hələ də həbsdədir. Ədalətsiz olaraq həbs edilmiş jurnalistin Avropa Məhkəməsi tərəfindən bəraət alacağını bilən hakimiyyət saxlanıldığı həbsxanada jurnalistə qarşı təxribat təşkil edib. Belə ki, 2009-cu ilin dekabrında Fətullayevin üzərinə iki qram heroin ataraq onun yeni maddə ilə məhkum edilməsinə nail olub, bu saxta ittiham üzrə o daha 3 il həbs cəzası ala bilər. Yaxın günlərdə bu iş üzrə məhkəmə qərarının veriləcəyi gözlənilir.

Hazırda Azərbaycanda Fətullayevlə yanaşı iki gənc blogger – Emin Abdullayev (Milli) və Adnan Hacızadə də saxta ittihamlarla həbsdədir. Bu iki tanınmış gənc bloqqer kafedə olarkən fiziki hücuma məruz qalmışlar. Bloggerlər həbs edilmiş amma ona qarşı təxribat törədənlər, yəni təxribatı törətmək üçün xüsusi hazırlanmış şəxslər, azadlıqdadır. Bloggerlərin həbsinin əsl səbəbi onlar tərəfindən çəkilən və Youtube-da yerləşdirilən video rolik olub ki, bu rolikdə Azərbaycan hakimiyyəti satirik tərzdə tənqid edilir.

Hər üçü –  Eynulla Fətullayev, Emin Abdullayev (Milli) və Adnan Hacızadə Amnesty İnternational və bir sıra digər beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıblar. Hər üçünün azad olunması ilə bağlı çoxsaylı çağırışlara baxmayaraq, hakimiyyət onları həbsxanalarda saxlamaqda davam edir.

Hakimiyyətin söz azadlığına dözülməz münasibəti təkcə jurnalistlərin təqibi ilə bitmir. 2009-cu ilin yanvarında hakimiyyət Amerikanın Səsi, Azadlıq və BBC radiolarının Azərbaycan xidmətlərinin yerli FM dalğalarda yayımlanmasına qadağa qoymuşdur.

 

Teleradio sektorunun lisenziyalaşdırılması prosesi tamamilə hakimiyyət tərəfindən idarə olunur, bu da yeni tam müstəqil teleradio kompaniyalarının açılması imkanını istisna edir. Bu proses həm də ona görə mürəkkəbləşir ki, hakimiyyət xarici investorlarla birgə teleradio kompaniyalar təsis etməyi qadağan edib.

Ümumrespublika telekanallarının peşəkar monitorinqi göstərir ki, telekanallarda hakimiyyətin tənqidinə yol verilmir, ictimai-siyasi hadisələrin obyektiv işıqlandırılması əvəzinə telekanallar hadisələri birtərəfli qaydada işıqlandırırlar, hakim qüvvələrin fəaliyyəti yalnız pozitiv tərzdə işıqlandırılır. Teleefirin böyük hissəsi indiki Prezident İlham Əliyevin və onun atası, keçmiş Prezident Heydər Əliyevin pozitiv işıqlandırılmasına həsr olunub. Müxalifət və müstəqil siyasilər yerli telekanallara çıxışdan məhrumdurlar.

Hazırda sərbəst məlumat yaymaq üçün yeganə yer İnternetdir, lakin bu sahədə də kifayət qədər problem mövcuddur. Faktiki olaraq İnternet trafiki üzərində dövlət inhisarı olduğundan regionda ən yüksək İnternet qiyməti Azərbaycandadır ki, bu da onun əldə edilməsini çətinləşdirir. Bundan əlavə, internet istifadəçilərinin təxminən 80%-i aşağı sürətli rabitə kanallarından istifadə edir. İstifadəçilərin kütləvi geniş zolaqlı internetə çıxışının uzadılması hakimiyyətin İnternetdə videoların yayılması üzrə mövcud potensialının olmasından narahat olmasıdır. Bunun dolayı sübutu kimi yüksək çinli məmurların internet televiziyanın lisenziyalaşdırılmasının zəruriliyi, habelə Feys Buk (Facebook) kimi sosial şəbəkələrə nəzarətinin gücləndirilməsi məqsədilə İnternetin tənzimlənməsi üzrə qanunvericiliyin sərtləşdirilməsi barədə bəyanatları çıxış edir. Bloggerlərin həbsi də qismən İnternetdə başqa cür fikirləşən şəxsləri qorxutmağa yönəlmişdi.

Çap KİV-lərinin vəziyyəti də çox narahatedicidir. Belə ki, müxalifət və müstəqil KİV-lər biznes strukturlar tərəfindən reklam almaq imkanından məhrumdurlar. Çünki iri biznes strukturlarının əksəriyyəti dolayısı ilə hakimiyyətin yüksək rütbəli nümayəndələrinə məxsusdur, bu da reklam üçün müstəqil və müxalifət mətbuatı üçün vəsaitin ayrılmasını imkansız edir. Kiçik biznes nümayəndələri isə müstəqil və müxalifət qəzetlərinə reklam verməkdən ona görə çəkinirlər ki, nəticədə buna görə vergi orqanları tərəfindən təqiblərə məruz qala bilərlər.  

Qəzetlərin yayımı üzrə effektiv distributor şəbəkəsi olmadığından və bu sahə hakimiyyətə yaxın olan struktur tərəfindən nəzarətdə saxlanıldığından Azərbaycanın rayonlarında qəzetlərin yayımı demək olar ki, mövcud deyil. Hətta Bakıda da problemlər var. Məsələn, Azərbaycanın paytaxtı Bakı şəhərində 3 milyondan artıq əhali yaşayır, lakin 2 məşhur və ən çox satılan müxalifət qəzetlərinin ümumi gündəlik tirajı 1500 nüsxəni keçmir. Baxmayaraq ki, hakimiyyət Azərbaycanda bir neçə min çap KİV-nin qeydiyyatdan keçdiyini bəyan edir, reallıqda təxminən 20 gündəlik və 10 həftəlik qəzet çap olunur.  

Fiziki, mənəvi və maddi təzyiqdən ehtiyatlanan bir sıra çap KİV-ləri bu və ya digər yüksək rütbəli hakimiyyət nümayəndələrini tənqid etməyə, habelə dövlət aparatı ilə bağlı təhqiqat yazılarına və çirkin korrupsiyaya uğramış biznes sektorları ilə bağlı mövzuları işıqlandırmağa daxili senzura qoyublar.  

Azərbaycanda məlumat azadlığını təmin edən qanunların islahatına və səmərəli şəkildə həyata keçirilməsinə ehtiyac var. İnformasiya azadlığını təmin edən qanunlar mövcud olsa da, əksər hallarda jurnalistlərin dövlət strukturlarına göndərdikləri informasiya sorğuları cavabsız olaraq qalır. Jurnalist ona dövlət qurumu tərəfindən informasiyanın verilməməsi nəticəsində müəyyən dəqiqliklərin çatışmadığı material çap etdikdə, həmin jurnalistə qarşı məhkəmə iddiası qaldırılır. Beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətinə çağırışlarına baxmayaraq, hakimiyyət diffamasiyanı dekriminallaşdırmaqdan imtina edir.

Yuxarıda qeyd edilənlərin hamısı göstərir ki, Azərbaycanda söz azadlığı yoxdur və bu sahədə vəziyyət ildən-ilə pisləşir. Narahatedici məqam ondan ibarətdir ki, daha çox pisləşən tendensiya bu və ya digər seçkilər ərəfəsində müşahidə olunur. Belə ki, 2010-cu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilməlidir, lakin hamıya məlumdur ki, söz azadlığının olmadığı ölkədə azad və ədalətli seçkilər keçirmək mümkün deyil. Televiziyaya buraxılmayan və fərqli düşüncələrinə görə təqibə məruz qalmaq qorxusu altında yaşayan namizədlər öz fikirlərini necə ifadə edə bilər və ya hakimiyyət başında olanları necə tənqid edə bilərlər?

Xanım Klinton, biz dəfələrlə Azərbaycan hakimiyyətinə öz narahatlığımızı çatdırmağa, habelə bu sahədə vəziyyətin yaxşılaşdırılmasına yönələn təkliflərimizi verməyə cəhd etmişik, amma bütün müraciətlərimizə hakimiyyət biganə yanaşıb.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycanın yüksək ali hakimiyyət nümayəndələri ilə görüşdə bizim tərəfimizdən qeyd edilən bütün məsələlərə toxunmağınızı və yaranmış vəziyyətdən çıxış yollarını müzakirə etməyinizi xahiş edirik.

Xüsusilə də, Azərbaycan rəhbərliyi ilə görüşdə onu aşağıdakılara riayət etməyə çağırasınız:

•    Dərhal 3 vicdan məhbusunu – Eynulla Fətullayevi, Adnan Hacızadəni və Emin Abdullayevi (Milli)  azad etmək;

•    Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını taparaq cəzalandırmaq;

•    Yayım üzrə qanunvericiliyin liberallaşdırılması, xarici radiostansiyaların yayımına, habelə xarici investisiyaları teleradio yayım sahəsinə buraxılmasına icazə vermək;

•    Müvafiq qanunu qəbul etməklə jurnalistləri diffamasiyaya görə təqib etməyə son qoymaq;   

•    Məlumat azadlığını təmin edən qanunun işləməsini təmin etmək;

•    Azərbaycanın insan hüquqları, xüsusən ifadə azadlığı üzrə bütün beynəlxalq öhdəliklərinə əməl etmək;

•    İnternet üzərində qanunvericilik nəzarətini sərtləşdirmək niyyətindən imtina etmək.”

 

Previous Post

PROKUROR EYNULLA FƏTULLAYEVƏ 3 İL İŞ İSTƏYİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.