PROKUROR EYNULLA FƏTULLAYEVƏ 3 İL İŞ İSTƏYİB

Bu gün (30 iyun) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Prosesdə ilk olaraq dövlət ittihamçısı Elçin Nağıyev çıxış edib. O çıxışında  E.Fətullayevin ictimai təhlükəli olmasını və hazırki cinayət işində heç bir yüngülləşdirici halın olmadığını deyərək, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə jurnalistin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Daha sonra prosesdə Eynulla Fətullayevin vəkili İsaxan Aşurovun çıxışı dinlənilib. Vəkil  çıxışı zamanı bu məhkəmədən ədalətli bir qərar gözləmədiyini deyib: “Prosesin konturları məhkəmədə yox, başqa kabinetlərdə cızılıb” – deyən İ.Aşurov E.Fətullayevin istintaqda hüquqlarının pozulması barədə də danışıb. O bildirib ki, əməliyyat-axtarış tədbiri yalnız təxirəsalınmaz olduqda məhkəmə qərarı olmadan keçirilə bilər. Lakin bu axtarış nəinki məhkəmə qərarı olmadan keçirilib, hətta jurnalistin vəkili ilə əlaqə saxlamasına imkan verilməyib.

 

Çıxışının sonunda İ.Aşurov E.Fətullayevə bəraət verilməsi və 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi və əməkdaşlarının qanunsuz hərəkətləri barədə müvafiq orqanlara məlumat verilməsi barədə qərar çıxarılmasını istəyib.

 

Replika hüququndan istifadə edən E. Fətullayev qeyd edib ki, iş üzrə məhkəmə baxışı 12 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin şahid qismində çıxışından sonra başa çatmalı idi. “Cəzaçəkmə Müəssisəsinin rəisi çıxışında bildirmişdi ki, E.Fətullayevin geyiminə narkotik maddə də atıla bilər, hətta onu müəssisədə boğa da bilərlər”. Rəis bu sözlərlə, işin saxta olduğunu bir daha təsdiq edib” – deyə Fətullayev bildirib.

 

E. Fətullayev sonda özünün məhkəmə qərarı olmadan Baş Prokuror Zakir Qaralov tərəfindən mətbuatda “narkoman” adlandırmasını təhqir hesab etdiyini və Baş prokuroru məhkəməyə verəcəyini vurğulayıb.

 

Proses 1 iyul, saat 14:00 da E. Fətullayevin son çıxışı ilə davam edəcək.

Qeyd edək ki, məhkəmə prosesində çoxsaylı yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələrin yanaşı ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti də iştirak edib.

 

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

 

Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

 

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

BAKIDA YENİ MEDİA ERASININ DƏYƏRLƏRİ MÜZAKİRƏ OLUNUR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU HİLLARİ KLİNTONA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.