REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU TİNA KAYDANAUYA MÜRACİƏT EDİB

Bu gün (23 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosu üzrə  Dövlət Katibinin Köməkçisi Tina Kaydanau ilə görüşüb və ona Azərbaycanda insan haqlarının və söz azadlığının vəziyyəti ilə bağlı müraciət təqdim edib. Müraciətin tam mətnini olduğu kimi təqdim edirik:

“Hörmətli xanım Kaydanau!

Yazıb sizə bildirirəm ki, Azərbaycanda   insan  haqları və xüsusilə ifadə azadlığı sahəsindəki yaranan mövcud vəziyyətə görə ciddi şəkildə narahatam.   
Bildiyiniz kimi bu ilin yanvar ayından etibarən Azərbaycanda radio FM tezlikləri vasitəsilə  yayımlanan üç radio stansiya –  “Azadlıq” radiosu, “Amerikanın səsi” və BBC–nin yayımı dayandırılıb.  Hal-hazırda Azərbaycan vətəndaşları balanslaşdırılmış, obyektiv informasiyanı qiymətləndirmədən məhrum olublar. Çünki bu radiostansiyalar ölkədə yayımlanan yeganə müstəqil media vasitələri idi.
2005-ci il martın 5-də öz mənzili  qarşısında güllələnən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məsələ  hələ də həll olunmamış qalır. Bundan əlavə, avqust ayında, həbsxana işçiləri ona kifayət qədər tibbi yardım göstərmədikləri üçün  jurnalist Novruzəli Məmmədov həbsxanada vəfat etmişdir. Onun ədalətsiz həbsi və  ölümü siyasi xarakterli olmuşdur.  
Hal-hazırda Azərbaycanda beş jurnalist günahsız olaraq həbs edilib. Onlar həbsxanada olduqları hər an Novruzəli Məmmədovun taleyi ilə hər üzləşmək təhlükəsindədirlər.
Hazırda Azərbaycan həbsxanalarında qanunsuz həbs edilmiş  5 jurnalist var. Eynulla Fətullayev, Qənimət Zahid və Müşfiq Hüseynov saxta ittihamlarla şərlənərək uzunmüddətli həbsə məhkum olunublar və hazırda həbsdədirlər. Sərdar Əlibəyli (Əliyev) və Fərəməz Novruzoğlu (Allahverdiyev) isə diffamasiyaya görə azadlıqdan 4 və 3 ay  müddətə məhrum ediliblər.
Bundan başqa, iki gənc bloqer – “Alumni Network” Gənclər Təşkilatının Kordinatoru (təsisçi), AN Onlayn Televiziyanın rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər Təşkilatının koordinatoru Adnan Hacızadə barəsində həbs qətimkan tədbiri seçilib və  internetdə Azərbaycan hökuməti barəsində tənqidi material yerləşdirdiklərinə görə, onların daha uzunmüddətli cəza alma ehtimalı var. Onlar “xuliqanlıq”da ittiham olunurlar və hal hazırda məhkəmə onların işlərinə baxır.
Hökumətin ifadə azadlığını məhdudlaşdırmaq üçün seçdiyi bir yol da mətbuat və ictimai fəalların işləri ilə bağlı qanunvericiliyi məhdudlaşdırmaqdır. 18 mart tarixində Azərbaycan Respublikası Konstitusiyasına, 6 mart tarixində “Kütləvi İnformasiya Vasitələri haqqında”  Qanuna, 3 aprel tarixində “Televiziya və radio yayımı  haqqında” Qanuna, 30 iyun tarixində isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilmiş əlavələr və dəyişikliklər də KİV-in və vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdir.
Ümumilikdə Azərbaycanda jurnalistlərin işi hökumətin müdaxiləsi, polis və digər hüquq mühafizə rəsmilərinin yerli-yersiz gücdən istifadə etməsi, hökumətin və telekommunikasiya şirkətlərinin araşdırmaması nəticəsində cəzasız buraxdığı ölüm təhdidləri, həmçinin daimi həbs, hücum və hətta öldürülmə qorxusu səbəbindən ümumilikdə daha da təhlükəli hala gəlir.
Sizdən xahiş edirəm ki, Azərbaycan hökumətinin nümayəndələri ilə görüşlər zamanı bu məsələləri qaldıraraq, onları bu neqativ halları aradan qaldırmağa  və Azərbaycanda ifadə azadlığını təmin etməyə çağırasınız. Bundan başqa, istərdim ki, siz ABŞ-a qayıtdıqdan sonra bu məsələləri ABŞ hökumətinin müvafiq rəsmilərinə məruzə edəsiniz və onlardan xahiş edəsiniz ki, Azərbaycan hökumətini bu məsələləri dərhal həll etməyə vadar etsinlər.

Hörmətlə,

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Sədri
Emin Hüseynov”

Previous Post

TAPDIQ FƏRHADOĞLU AHMET DAVUTOĞLUNUN MƏTBUAT KONFRANSINA BURAXILMAYIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.