RATİ-NİN NÖVBƏTİ JURNALİST HƏBSİ İLƏ BAĞLI BƏYANATI

fevral 22nd, 2012
Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutu (RATİ)  İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının Bakıdakı müxbiri, Azərbaycan vətəndaşı Anar Bayramlının həbs olunmasından narahatlığını bildirir və bu həbsi həyata keçirən qüvvələri qınayır.
     

Qeyd edək ki, fevralın 17-də axşam saatlarında 5 nəfər polis əməkdaşı heç bir əsas gətirmədən  İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlını  evindən polis bölməsinə  dəvət ediblər və onu  Binəqədi rayon 4-cü polis bölməsinə aparıblar. Daha sonra polislə əlaqə saxlayan ailə üzvlərinə jurnalistin üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Bayramlı həbsə alındıqdan 3 gün sonra  vəkillə təmin olunmuşdur.

RATİ  hesab edir ki, jurnalist Azərbaycan İran münasibətlərinin son həftələrdə gərginləşməsinin  qurbanı olmuşdur. “Səhər” telekanalı Azərbaycan dilində hazırladığı reportajlarda Azərbaycandakı siyasi və sosial problemləri mütəmadi qabardır və tez-tez də  hakimiyyətini kəskin tənqid edir. Azərbaycan hakimiyyəti isə öz növbəsində hesab edir ki,  “Səhər” telekanalı bilərəkdən Azərbaycandakı ictimai siyasi durumu gərginləşdirmək istəyir və bu səbəbdən telekanala mütəmadi təzyiqlər olub. Məsələn, 2011-ci ilin dekabrın 9-da İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi Azərbaycana buraxılmayıb və o, Heydən Əliyev adına  Bakı beynəlxalq aeroportundan İrana  geri qaytarılıb.  İki ay bundan əvvəl  narkotik, sonradan həm də silah saxlama ittihamı ilə islamazeri.com  saytının baş redaktoru Ramin Bayramov da həbsə atılıb. Ramin Bayramovun həbsi isə İslam partiyasının fəallarının həbsləri ilə eyni vaxta təsadüf etmişdilər. Azərbaycan hüquq mühafizə orqanlarının fikrincə, İslam Partiyasının İranla sıx bağlılığı var.

 Ölkələr arası durumun hansı vəziyyətdə olmağından asılı olmayaraq RATİ  jurnalistlərin   saxta ittihamlarla həbsə atılmasını yolverilməz hesab edir.
 
            RATİ xatırladır ki,  saxta narkotik maddə ittihamının irəli sürülməsi ilə jurnalistlərin Azərbaycanda həbsi ilk hal deyil. Belə ki  “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakiti heroini saxlamaqda ittiham edərək 3 il, “Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru  Eynulla Fətullayevə barəsində isə oxşar ittihamla məhkəmə tərəfindən ə 2 il 6 ay müddətinə həbs cəzası qərarı çıxarılıb.

Hazırda Azərbaycanda saxta ittihamlarla “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və bu qəzetin bölgə müxbiri Aydın Caniyev də həbsdə saxlanılır.

RATİ Azərbaycan hökumətinə müraciət edərək Əvəz Zeynallını, Aydın Caniyevi,  Anar Bayramlını və Ramin Bayramovu dərhal azad eləməyə və ifadə azadlığına dözümlə yanaşmağı çağırır.