“DEMOKRATİYA NAMİNƏ MUSİQİ” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLDİ

fevral 22nd, 2012
Bu gün (22 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Demokratiya naminə musiqi” kampaniyası tərəfindən növbəti dəyirmi masa keçirildi.

Tədbirdə çıxış edən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iqtidar mediasında  “Demokratiya naminə musiqi” kampaniyası ətrafında aparılan qarayaxma kampaniyası haqqında danışdı. L.Yunus hökuməti qarayaxma ilə məşğul olmaqdansa həbsdə olan 60 nəfərə yaxın siyasi məhbusu azad etməyə və əhalinin mülkiyyət hüquqlarını təmin etməyə çağırdı. L.Yunus başladıqları kampaniya çərçivəsində “Eurovision-2012” musiqi yarışmasında iştirak edəcək xarici ölkələrin müğənnilərinə, hüquq müdafiəçilərinə müraciət etdiklərini bildirdi. L.Yunusun sözlərinə görə,  həmin müraciətdə onlardan  Azərbaycan prezidenti İlham Əliyevə siyasi məhbusların azad edilməsi və demokratiyanın inkişafı üçün zəruri addımların atılmağına dair məktubla müraciət etmələri xahiş olunur.
Jurnalist Şahvələd Çobanoğlu həbsdə olan siyasi dustaqlara fiziki və mənəvi təzyiqlərin olduğunu diqqətə çatdırdı. O hesab etdi ki, vicdan məhbusu olan Elnur İsrafilov hakim yeni Azərbaycan Partiyası və prezident İlham Əliyevə xidmət edəcəyi ilə bağlı məktubu mənəvi, psixoloji təzyiq altında yazıb.  
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə “Demokratiya naminə musiqi” kampaniyasını  dəstəklədiyini bildirərək bunu cəsarətli addım hesab etdi və o hökuməti kampaniya çərçivəsində edilən çağırışları icra etməyə çağırdı.
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov isə hökumətin kampaniya çərçivəsində edilən təklifləri yerinə yetirməyə tələsmədiyi təqdirdə dünya, xüsusilə Avropa mediasında Azərbaycanla bağlı tənqidi məqalələrin daha da artacağını bildirdi.
RATİ sədri Emin Hüseynov isə, “Demokratiya naminə musiqi” kampaniyasına başlayandan sonra Azərbaycanda söz və mətbuat azadlığı sahəsində ciddi geriləmələr müşahidə olunub. Onun sözlərinə görə, bu dövr ərzində 1 jurnalist öldürülüb, 4-ü isə həbs edilib. “Rafiq Tağı öldürüldü, islamazəri.com saytının baş redaktoru Ramin Bayramov əvvəl narkotik saxlama, sonra isə qanunsuz tapança və patron saxlamaqla ittiham edilərək  həbs edilib, bizim kampaniyaya dəstək verən “Xural” qəzetinin bölgə müxbiri Aydın Caniyev xuliqanlıqda ittiham edilərək həbs edilib, bu qəzetin baş redaktoru Əvəz Zeynallı isə müəmmalı bir ittihamla həbs edilib, son olaraq İran televiziyasının müxbiri narkotik ittihamı ilə həbs edilib”, – deyə qeyd edən E. Hüseynovun sözlərinə görə, bu şəxslər azad edilməlidir və bu istiqamətdə Avropa Yayım Birliyi də öz töhfəsini verməlidir.
Daha sonra tədbirdə Seçkilərin  Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin direktoru Anar Məmmədli, “Doktrina”  Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Məmmədov,  Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, Demokratik Jurnalistika Məktəbinin rəhbəri Rövşən Hacıyev, Media Hüquqları Mərkəzinin rəhbəri Mətanət Müslümqızı, İnsan Hüquqları və Demokratik Təsisatlar İctimai Birliyinin sədri Elçin Abdullayev və digərləri çıxış edərək rəy və təkliflərini bildirdilər.