RATİ-NİN JURNALİSTLƏRİN TƏZYİQƏ MƏRUZ QALMAĞI İLƏ BAĞLI BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Turan” informasiya agentliyinin  fotomüxbiri Etimad Budaqov və “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayevanın peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalmalarını pisləyir və bunu mediaya qarşı növbəti qəsd kimi qiymətləndirir.

 Belə ki Şəmsi 02 aprel 2012-ci ildə Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında söküntü işləri ilə bağlı çəkiliş aparan “Turan” informasiya agentliyinin  fotomüxbiri jurnalisti Etimad Budaqov və Azadlıq radiosunun əməkdaşı Nüşabə Fətullayeva Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıblar. Nəticədə Etimad Budaqovun fotoaparatı sındırılıb və istifadəyə yararsız hala düşüb.

RATİ bəyan edir ki, peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin işinə mane olmaq sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi və ''Məlumat azadlığı haqqında'' Azərbaycan Respublikasının Qanununun 1-ci (hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır. RATİ qeyd edir ki, fiziki zor tətbiq etməklə xəsarət yetirmə və jurnalistin qanuni peşə fəaliyyətinə mane olma cinayət əməli sayıldığına görə, bu əməlləri törətmiş şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdırlar.  

RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin  jurnalistlərə təzyiq göstərmiş və avadanlıqlarını yararsız hala salmış şəxsləri cəzalandırmağa çağırır.

 

Previous Post

JURNALİSTLƏR FİZİKİ HÜCUMA MƏRUZ QALIBLAR

Next Post

KEÇMİŞ SİYASİ MƏHBUS RUSLAN BƏŞİRLİ İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.