REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikasında işləyən RATİ-nin bölgə müxbirləri – Həkimeldostu Mehdiyev və Elman Abbasovun, "Azadlıq və Azad Avropa" radiosunun Naxçıvandakı müxbirləri – İlqar Nəsibov və Məlahət Nəsibovanın ölümlə hədələnməsi, jurnalistlərin təhqir edilməsi, habelə Həkimeldostu Mehdiyevin vəhşiliklə döyülmə faktını kəskin pisləyir və bu özbaşınalıqların baş verməsinə görə Naxçıvan Muxtar Respublikası rəhbərliyini və hüquq-mühafizə orqanları qınayır.

Belə ki, 29-30  yanvar tarixində özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs RATİ-nin Naxçıvan bölgə müxbiri Elman Abbasova, habelə  "Azadlıq" radiosunun və "Turan" İA-nın müxbiri Məlahət Nəsibovaya zəng edərək  jurnalistləri ölümlə hədələyib. Eyni zamanda həmin şəxs jurnalistlərin ofislərini partladacağını da deyib. Jurnalistlər baş verənlərlə bağlı polisə müraciət etsələr də heç bir tədbir görülməyib.  Yanvarın 31-də isə RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev reportaj hazırlayarkən hücuma məruz qalıb. Mehdiyevə atılmış külqabının zərbəsi nəticəsində jurnalist xəsarət alıb.
RATİ əmindir ki, jurnalistlərə qarşı başlanan təzyiq və təqib kampaniyası onların peşə fəaliyyəti ilə bağlıdır və baş verənlər Naxçıvan Muxtar Respublikası rəhbərliyinin jurnalistləri susdurmaq cəhdindən başqa bir şey deyil.
Baş verən həmin hadisə ilə bağlı da dərhal  hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edilsə də, bu günə qədər baş vermiş hadisə ilə bağlı kimsə cəzalandırılmayıb. Əksinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinində təziqlərəməruzqalan jurnalistlərə qarşı qara piar kampaniyası başladi.
Bütün baş verənlərə görə, RATİ Naxçıvan Muxtar Respublikası rəhbərliyini və ümumilikdə Azərbaycan hökumətini qınayır,  jurnalistlərə qarşı kampaniyanın dərhal dayandırılmasını, onların beynəlxalq  və Azərbaycanın milli qanunları ilə təsbit olunmuş hüquqlarının təmin edilməsini tələb edir.  RATİ hesab edir ki, baş verən son hadisələr də söz və mətbuat azadlığının durumuna görə dünya ölkələri sırasında utancverici sırada dayanan Azərbaycanın adına ucalıq gətirməyəcək, əksinə, baş verənlər Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vuracaqdır. Bu baxımdan, RATİ Azərbaycan hökumətini beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa, ölkədə söz və mətbuat azadlığını təmin etməyə çağırır.
Previous Post

ELAN!

Next Post

“SƏRHƏDSİZ REPORTYORLAR” NAXÇIVANDAKI HADİSƏLƏRLƏ BAĞLI MÜRACİƏT İMZALAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.