BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) "Yeni Müsavat" qəzetinin köşə yazarı Mahal İsmayıloğlunun barəsində ölkəni tərk etməmək haqqında seçilmiş qətimkan tədbirini pisləyir və bu hadisəni hakimiyyətin tanınmış jurnalistə qarşı bir müddət əvvəl başlayan təzyiq kampaniyasının davamı hesab edir.

RATİ bu əsassız qərarın jurnalistin səhhətinin kəskin pisləşməsinə səbəb olduğunu düşünür.
Belə ki, M. İsmayıloğlu fevral ayının 14-də, ona qarşı 8 ay əvvəl açılmış cinayət işinin istintaqı ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə çağırılmış və barəsində ölkəni tərk etməmək haqqında qətimkan tədbiri seçilmişdir. Köşə yazarı polis idarəsində ona qarşı irəli sürülmüş saxta ittihamlarla tanış olarkən özünü pis hiss etmiş və huşunu itirərək yerə yıxılmışdır. Təcili tibbi yardım vasitəsilə Mərkəzi Tibbi Klinikaya yerləşdirilən M. İsmayıloğlunun növbəti dəfə infarkt keçirdiyi məlum olmuşdur. Hal-hazırda müalicəsini evdə davam etdirən jurnalistin ürəyindən əməliyyat edilməsinə ehtiyacı var və bu əməliyyatın keçirilməsi üçün 7 min AZN tələb olunur.
Qeyd edək ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdır. Şikayətə səbəb guya, jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
RATİ M. İsmayıloğluna qarşı edilən təzyiqləri, iqtidarın azad sözə qarşı növbəti repressiv addım kimi qiymətləndirir və hüquq mühafizə orqanlarını jurnalistə qarşı açılmış cinayət işinə xitam verməyə çağırır. RATİ hesab edir ki, 5 jurnalisti saxta ittihamlarla həbsdə saxlayan Azərbaycan iqtidarı, jurnalistləri saxta ittihamlar vasitəsi ilə təqib edərək ölkədə söz və fikir azadlığını tamamilə boğmaq istəyir.
RATİ Azərbaycan iqtidarını jurnalistləri təqib etmə praktikasına son qoymağa,  həbsdə olan jurnalistləri dərhal azadlığa buraxmağa və ölkədə söz azadlığını təmin edən şəraiti yaratmağı çağırır.
RATİ eyni zamanda imkanı olan yerli və beynəlxalq təşkilatlardan M. İsmayıloğlunun əməliyyatı üçün maddi  yardım etmələrini xahiş edir.
Previous Post

HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AİLƏLƏRİNƏ MADDİ YARDIM EDİLİB

Next Post

“AZADLIQ” QƏZETİNİN KOLLEKTİVİ VƏ “BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜBLƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.