BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tədqiqatçı jurnalistimiz İdrak Abbasovun sağlamlığı və təhlükəsizliyindən hədsiz dərəcədə narahatdır.

İ. Abbasov Naxçıvan Muxtar Respublikasından (MR) Bakıya qayıdandan – cümə günündən bəri ürək problemləri ilə xəstəxanaya yerləşdirilmişdir. O, Naxçıvanda olarkən NMR Milli Təhlükəsizlik Nazirliyində (MTN) fiziki və mənəvi təzyiqlərə məruz qalıb.
Belə ki, RATİ əməkdaşları İ. Abbasov və Rəşad Əliyev, insan hüquqları, söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı dolğun hesabat hazırlamaq məqsədi ilə Naxçıvan MR-da ezamiyyətdə olublar. RATİ əməkdaşları Naxçıvanda olarkən digər qurumlarla yanaşı, 18 fevral tarixində MR MTN-nə görüş üçün rəsmi məktubla müraciət ediblər. 20 fevral tarixində isə jurnalistlərə zəng vuraraq saat 12:00-da görüş üçün Naxçıvan MTN-nə gəlmələrini bildirilib. Deyilən tarixdə MTN-ə gələn RATİ- əməkdaşlarına, görüş üçün binaya yalnız İ. Abbasovun girə biləcəyi bildirilib. İ. Abbasovun dediyinə görə Binaya daxil olan kimi MTN əməkdaşları İ. Abbasovun qollarını buraraq gözlərini bağlayıblar. Mobil telefon, videokamera və fotoaparatı əlindən alınan jurnalisti daha sonra tanımadığı vəzifəli şəxsin otağına aparıblar. Ürəyinin xəstə olması, səhhətinin pisləşməsi barədə xəbərdarlıq etməsinə və bir neçə dəfə dərman qəbul etməsinə baxmayaraq, özünü təqdim etməyən şəxs əlində olan qovluğu İ. Abbasovun üstünə atıb. Həmin şəxs daha sonra İ. Abbasovu və RATİ-ni ermənilərlə və digər xarici ölkələrlə əməkdaşlıq etməkdə günahlandıraraq, ona qarşı psixoloji təzyiqlər göstərib. İki saatdan artıq MTN binasında saxlanılan İ. Abbasova, Naxçıvanı tərk etmək üçün birbaşa hava limanına getmək tapşırığı verilib. Bütün bunlardan sonra İ. Abbasovun üzərində olan videokamera və fotoaparatın yaddaş kartındakı şəkillər silinib və jurnalist sərbəst buraxılıb.
RATİ hesab edir ki, əməkdaşımız İ. Abbasova qarşı edilən bu hərəkətlər İnsan Haqları üzrə Avropa Konvensiyasının 3-cü (işgəncənin qadağan olunması), 5-ci (Azadlıq və Təhlükəsizlik hüququ), və 10-cu (İfadə Azadlığı) maddələrini və eyni zamanda Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 133-cü (işgəncə), 145-ci (azadlıqdan qeyri qanuni şəkildə məhrum etmə) və 163-cü (jurnalistin peşə fəaliyyətinə müdaxilə) maddələrini pozmuşdur.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq RATİ, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası Hökumətinə bu hadisəni araşdırmağa və İ. Abbasovu bu qeyri-insani və qeyri-qanuni rəftara məruz qoyanları və onun jurnalist peşə fəaliyyətinə müdaxilə edənləri məsuliyyətə cəlb etməyə çağırır.
RATİ yerli və beynəlxalq ictimaiyyətdən xahiş edir ki, çox vaxt diqqətdən uzaqda qalan və Azərbaycanda insan haqlarının pozulması üzrə ən pis nəticəyə malik olan Naxçıvanda, demokratik islahatların keçirilməsini Azərbaycan hakimiyyətindən tələb etsinlər. Naxçıvan ərazi baxımdan Azərbaycana bitişik olmadığına görə ikili standartlara məruz qalmamalıdır.
RATİ Azərbaycan hökumətini ifadə azadlığının sıxışdırılmasına son qoymağa, söz azadlığı və insan hüquqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır.
Previous Post

Referendumla bağlı Vətəndaş Forumu

Next Post

RATİ ƏMƏKDAŞI NAXÇIVAN MTN-İNDƏ TƏZYİQLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.