RATİ ƏMƏKDAŞI NAXÇIVAN MTN-İNDƏ TƏZYİQLƏ ÜZLƏŞİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı İdrak Abbasov Naxçıvan Muxtar Respublikasının (MR) Milli Təhlükəsizlik Nazirliyində (MTN) fiziki və mənəvi təzyiqlərə məruz qalıb.

Bu barədə RATİ-yə məlumat verən jurnalist bildirib ki, fevralın 20-də görüş adı ilə MTN-ə dəvət olunub. “Naxçıvan MR-da insan hüquqları, söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı dolğun hesabat hazırlamaq məqsədi ilə RATİ-nin digər əməkdaşı Rəşad Əliyevlə birlikdə Naxçıvan MR-də ezamiyyətdə olduğumuz zaman digər qurumlarla yanaşı, 18 fevral tarixində MR-in MTN-nə də rəsmi məktubla görüş üçün müraciət etmişdik. 20 fevral tarixində saat 11:15-də Rəşad Əliyevin telefonuna zəng edərək, görüş üçün 12:00-da MTN-də olmağımızı söylədilər. Deyilən vaxtda orada olsaq da, içəri yalnız məni buraxdılar” – deyən İ. Abbasov qeyd etdi ki, MTN binasına daxil olan kimi onun qollarını buraraq gözlərini bağlayıblar. Mobil telefon, videokamera və fotoaparatı əlindən alınan jurnalisti daha sonra tanımadığı vəzifəli şəxsin otağına aparıblar. “Ürəyimin xəstə olması və səhhətimin pisləşməsi barədə xəbərdarlıq etməyimə və bir neçə dəfə dərmandan istifadə etməyimə baxmayaraq, mənimlə çox pis davrandılar. Özünü təqdim etməyən şəxs məni və RATİ-ni ermənilərlə və digər xarici ölkələrlə əməkdaşlıq etməkdə günahlandıraraq, psixoloji təzyiqlər göstərirdi. Hətta əlindəki qovluğu üstümə tulladı.” 2 saat saxlanılan jurnalistə Naxçıvanı tərk etmək üçün birbaşa hava limanına getmək tapşırığı verilib. Videokamera və fotoaparatın yaddaş kartındakı şəkillər silindikdən sonra İ. Abbasov sərbəst buraxılıb.
Naxçıvanda ezamiyyətdə olan digər RATİ əməkdaşı R. Əliyev RATİ-yə bildirib ki, onu MTN-ə buraxmadıqları üçün, RATİ-nin Naxçıvan ofisinin əməkdaşları ilə birlikdə İ. Abbasovu MTN-in yaxınlığında gözləyib. “Bir saat gözlədikdən sonra MTN-in qapıda duran əməkdaşlarına müraciət etsəm də, heç bir məlumat vermədilər. Saat 13:55-də yenidən MTN-ə yaxınlaşaraq, 5 dəqiqə sonra İ. Abbasovun həbs olunması ilə bağlı KİV-ə xəbər verəcəyimi bildirdim. MTN-dən dedilər ki, jurnalist hazırda milli təhlükəsizlik naziri Vəli Ələsgərovun qəbulundadır.” – deyən R. Əliyev qeyd etdi ki, saat 14:05-də İ. Abbasov sərbəst buraxılıb.
RATİ baş vermiş olayla bağlı Naxçıvan MR MTN-i ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərsə də qurumdan telefon zəngləri cavablandırılmadı.
 
Previous Post

BƏYANAT

Next Post

MAHAL İSMAYILOĞLU BARƏSİNDƏ CİNAYƏT İŞİ YEKUNLAŞARAQ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.