REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin (VCMK) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “KİV haqqında” Azərbaycan Respublikası Qanunlarına təklif edilən dəyişikliklərlə keçirdiyi aksiyaya icazə verilməməsini, həmçinin jurnalistlər və QHT nümayəndələrinin polis tərəfindən təzyiqlərə məruz qalmasını qətiyyətlə pisləyir.

Belə ki, ilk öncə özlərini təqdim etməyən, sonradan isə polis olduqları məlum olan mülki geyimli şəxslər jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə – foto və video çəkiliş aparmalarına mane olmağa çalışmış, Milli Məclis istiqamətində hərəkət etmək istəyənlərə isə fiziki zor tətbiq etməklə qarşılarını kəsərkən, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynovun çantasını yararsız hala salıblar. Həmçinin “Azadlıq” radiosunun parlamentə akreditə olunmuş əməkdaşının Milli Məclis istiqamətinə hərəkət etməsinə yaxınlaşmasına da mane olmağa cəhd göstəriblər.
RATİ bəyan edir ki, polis müdaxiləsi ilə foto və video çəkiliş aparmalarına mane olmaq cəhdi və media nümayəndələrinin parlamentin binası istiqamətinə buraxılmaması, jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu da Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı) və zamanda Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsinin (jurnalistin peşə fəaliyyətinə müdaxilə) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozulmasıdır.
Həmçinin  QHT nümayəndələrinə etirazlarını bildirmək üçün sərbəst toplaşmağa,  şüar səsləndirilməyə və asayişi pozmadan yürüş keçirməyə polisin müdaxiləsi insanların sərbəst toplaşmaq hüququnun pozulmasıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsi (Birləşmək hüququ), 49-cu maddələri (sərbəst toplaşmaq azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsi (Yığıncaqlar və birləşmək azadlığı) ilə ziddiyyət təşkil edir.
RATİ Azərbaycan hakimiyyətini ən ali qanunlarla təsbit olunmuş sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşaraq, insanların sərbəst toplaşma və fikrini azad ifadə etmə azadlığını pozmamağa və jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa çağırır.  

Previous Post

POLİS QHT-LƏRİN PİKETİNDƏ JURNALİSTLƏRƏ VƏ PİKET İŞTİRAKÇILARINA TƏZYİQ GÖSTƏRDİ IRFS©

Next Post

QHT-in keçirdiyi etiraz aksiyası (2 HISSƏ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.