REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hökumətini və ölkə başçısını 22 İyul Milli Mətbuat Günü münasibətilə həbsdə olan jurnalistləri azad etməyə, müstəqil və azad mətbuatın tənqidlərinə dözümlə yanaşmağa, hakimiyyəti tənqid edən media nümayəndələrinə və vətəndaş cəmiyyətinin üzvlərinə qarşı təqiblərə son qoymağa, xarici radiostansiyaların FM tezliyində yayımını bərpa etməyə, diffamasiyaya ilə bağlı cinayət məsuliyyəti yaradan  maddələri Cinayət Məcəlləsindən çıxarmağa çağırır.

Belə ki, bu gün  üç tanınmış jurnalist – “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Bizim yol” qəzetinin müxbiri Müşfiq Hüseynov hələ də həbsxanadadırlar. Onların hər üçü hakimiyyətə qarşı tənqidi məqalələrlə çıxış etdiklərinə görə müxtəlif saxta ittihamlarla  şərlənərək sifarişlə həbs olunublar. E.Fətullayev və Q.Zahid beynəlxalq və yerli ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıblar.

Həmçinin “Tolışi-sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov və “İdeal” qəzetinin təsisçisi Nazim Quliyev də həbs olunublar. Novruzəli Məmmədov dövlətə  xəyanətdə ittiham olunsa da, məhkəmələri qapalı keçirildiyindən onun ədalətli keçməsinə yerli və beynəlxalq ictimaiyyətin böyük şübhələri var. Belə ki, məhkəmə qərarında əks olunan ittiham tərəfinin bir neçə arqumentlərində N.Məmmədovun məhz ifadə azadlığına görə  həbs olunduğunu göstərir.

 

Nazim Quliyev jurnalistlərin  peşə etikasını kobud  pozduğuna baxmayaraq,  RATİ hesab edir ki,  böhtan və təhqirə (diffamasiyaya) görə heç kəs  həbs olunmamalıdır. N.Quliyev kimi  kobud şəkildə və bilərəkdən  peşə etikasını pozan media nümayəndələri həbs ilə deyil, yalnız cərimə və ya həbs nəzərdə tutmayan digər qanuni üsullarla cəzalandırmalıdırlar.

Son vaxtlar  internet azadlığının məhdudlaşdırılması özünü açıq şəkildə büruzə verir.  2 həftə öncə iki gənc bloqçu – “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri Adnan Hacızadə də internetə yerləşdirdikləri satirik videoçarxlarına görə, təxribatçılar tərəfindən döyülərək xəsarət almış, zərərçəkmiş qismində polisə şikayət etmələrinə baxmayaraq, təqsirləndirilən şəxs qismində həbs edilmişlər. Bundan əlavə hökumətin yüksək çinli məmurlarının internet mediasının tənzimlənməsi qanunu ilə bağlı məsələni gündəmə gətirməsi narahatedici məqamdır.

Azərbaycanda elektron KİV-in də fəaliyyətinə süni şəkildə ciddi maneələr yaradılır. Bu ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən və siyasi plüralizmə xidmət edən üç radiostansiya – “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının FM tezliyində yayımına xitam verilmişdir. Yeni televiziya və radio kanallarının açılması üçün şəffaf müsabiqələr keçirilmir və yeni qanun dəyişiklikləri ilə KİV-lərin fəaliyyətləri daha da məhdudlaşdırılır.

18 mart tarixində Azərbaycan Respublikası Konstitusiyasına, 6 mart tarixində “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna, 3 aprel tarixində “Televiziya və radio yayımı haqqında” Qanuna, 30 iyun tarixində isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilmiş əlavələr və dəyişikliklər də KİV-in və vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdir. Bundan başqa, internet mediasına nəzarət edilməsi üçün yeni Qanunun qəbul edilməsi istiqamətində iş aparılır ki, bu da internet mediası üzərində senzuranın tətbiqi ilə nəticələnəcək.  Bütün bunlar Azərbaycanda plüralizmi yox səviyyəsinə endirir ki, bu da Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə ziddir.

 

RATİ  Azərbaycan hökumətini

 

·        “Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarının FM dalğasında yayımını dərhal bərpa etməyə;

·        Azərbaycanın müxtəlif bəhanələrlə qeyri-qanuni həbs edilmiş  jurnalistləri azad etməyə;

·       Fiziki təzyiqə məruz qalmış və şərlənərək həbs olunmuş gənc bloqçular – Emin Milli (Abdullayev) və Adnan Hacızadə azad olunsun və onlara xəsarət yetirmiş şəxslər məsuliyyətə cəlb olunmasını tələb edir.  

·         Jurnalistlərə qarşı hücumlarda və jurnalistlərin hüquqlarının pozulmasında məsuliyyət daşıyanları qanunun yol verdiyi son həddə qədər məhkəməyə cəlb etməyi;

·        Azərbaycanın milli media bazarında xarici yayımçılara qoyulan qadağanı ləğv etməyə;

·        Konstitusiyaya və müxtəlif qanunlara mətbuat azadlığını və vətəndaş cəmiyyətinin inkişafını daha da məhdudlaşdıran dəyişiklikləri ləğv etməyi və media ilə bağlı qanunvericiliyi liberallaşdırmağa;

·       İnternetlə bağlı heç bir məhdudlaşdırıcı qanun qəbul etməməyə

·        KİV nümayəndələrinə qarşı təxribatlara və qondarma cinayət işlərinə son qoyulsun, belə qanunsuzluqlarla məsuliyyətə cəlb olunmuş jurnalistlərin cəzaları ləğv etməyə;

·        Böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv etməyə

 

C A Ğ I R I R!

 

RATİ beynəlxalq təşkilatları

 

    * Azərbaycan dövlətinə götürdüyü öhdəlikləri yerinə yetirərək, yuxarıda sadalanan tələbləri yerinə yetirməsi istiqamətində bütün imkanlardan istifadə edərək səylər göstərməyə;
    * Tələblər yerinə yetirilmədiyi təqdirdə Azərbaycan dövlətinə ciddi sanksiyalar tətbiq etməyə

 

C A Ğ I R I R!

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU LƏNKƏRAN ŞƏHƏR MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.