REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini  “Tolışi-sədo” (Talışın səsi) qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun müəmmalı ölümünə görə qınayır və bu ölümə görə siyasi  məsuliyyətin Azərbaycan iqtidarının üzərinə düşdüyünü bəyan edir.

Belə ki,  sübuta yetirilməmiş ittihamlarla guya “Vətənə xəyanət”ə görə 10 il azadlıqdan məhrum edilmiş 68 yaşlı N.Məmmədov dünən (17 avqust) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Penitensiar Xidmət N.Məmmədovun beyin damarlarının kəskin trambozundan vəfat etdiyi barədə məlumat versə də, mətbuatda baş redaktorun ürək çatışmazlığından dünyasını dəyişdiyi barədə məlumatlar yer alıb.

Qeyd edək ki, N.Məmmədov cəza çəkdiyi 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində yanvar ayının 18-də günahsız olaraq “karser”ə salınması və nəticədə səhhətində ciddi problemlər yaranması ilə bağlı məhkəməyə müraciət etmiş və bu ilin mart ayında məhkəmə onun iddiasını təmin edərək, təcili müalicə müəssisəsinə yerləşdirilməsi ilə bağlı qərar çıxarmışdı. Lakin həbsxana rəhbərliyi məhkəmənin qərarına məhəl qoymamış və nəticədə N.Məmmədovun səhhəti daha da ağırlaşmışdı. İyul ayının 28-də səhhəti kəskin pisləşmiş N.Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Lakin burada da ona lazımi tibbi yardım göstərilməmişdi. Xəstə baş redaktorun səhhətinin ağırlığını, yaşını nəzərə alaraq, yerli və beynəlxalq ictimaiyyət (Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek, Ombudsman Elmira Süleymanova və s.) məhbusun  mülki xəstəxanada yerləşdirilməsi və müayinəsi üçün Avropa Şurasının rəsmi xəttiylə məsləhətçi mütəxəssis həkim dəvət etmək istəsələr də, buna icazə verilməmişdi.

RATİ hesab edir ki, heç bir günahı sübuta yetirilməmiş N.Məmmədovun həbsi sifarişli idi və  “Tolışi-Ürüsi-Tırkiə lüğət” (“Talışca-rusca-türkcə lüğət”) kitabının müəllifi olan N.Məmmədov ifadə azadlığına görə həbs edilmişdi.

RATİ bəyan edir ki, bu ölüm hadisəsi həbsdə olan jurnalistlərin və bir müddət əvvəl həbs olunmuş bloqçuların da həyatlarının təhlükədə olduğunu göstərir və bunu hökumətin ifadə azadlığına qarşı açıq terroru kimi qiymətləndirir.

RATİ bəyan edir ki, N.Məmmədovun ölümü ilə bağlı məsuliyyət iqtidarın  üzərindədir və Azərbaycan iqtidarını bu ölüm işini araşdırmağa və həbsdə olan jurnalistləri, həmçinin ifadə azadlığına görə həbs olunmuş bütün məhbusları azadlığa buraxmağa çağırır.

RATİ qeyd edir ki, siyasi baxışlarına görə həbs edilmiş şəxslərin həbsxanada dünyasını dəyişməsi halı əvvəllər də müşahidə olunub. Belə ki, siyasi motivlərlə həbs olunmuş Faina Kunqurova da 2007-ci il oktyabrın 19-da Ədliyyə Nazirliyinin xəstəxanasında vəfat etmişdi.

RATİ hesab edir ki, bu kimi hallar iqtidarın fərqli siyasi baxışlara malik insanların və  jurnalistlərin həyatına laqeyd və hörmətsiz və qeyri-insani yanaşmasının göstəricisidir. Belə münasibətin nəticəsidir ki,  2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb və iqtidar bu qətlin sifarişçilərinin və icraçılarının tapılmasına xüsusi maraqlı deyil.

RATİ N.Məmmədovun ölümü ilə əlaqədar onun yaxınlarına başsağlığı verir və beynəlxalq təşkilatlardan N.Məmmədovun müəmmalı qətlini araşdırmağa köməklik göstərməyə və ölümdə siyasi məsuliyyət daşıyan məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOV DOĞULDUĞU KƏNDDƏ DƏFN EDİLİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.