REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSiZLİK İNSTİTUTUNUN BƏYANATI

oktyabr 7th, 2009
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün Nəsimi rayon məhkəməsində “FANAT.AZ” saytının layihə rəhbəri Zahir Əzəmət və saytın köşə yazarı Natiq Muxtarlıya qarşı islah işləri nəzərdə tutan cəzanın təyin olunmasını  pisləyir.

Belə ki, bu gün (07 oktyabr) Nəsimi  rayon Məhkəməsi “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddiasına əsasən Natiq Muxtarlının isə məvacibinin 20 faizinin Mais Mənsimovun xeyrinə  tutulması ilə 1 il, Zahir Əzəmətin isə məvacibinin  20 faizinin tutulması ilə 6 ay islah işlərinə cəlb olunması ilə cəzalandırılması barədə hökm çıxarılıb.
RATİ bu məhkəmə prosesin monitorinqini apararaq, məhkəmə istintaqının natamam aparılmasını müşahidə etmiş və jurnalistlərin günahını sübuta yetirən hər hansı əsaslı dəlillərə rast gəlməmişdir. Eyni zamanda RATİ-nin hakimə ünvanlandığı müraciətə və məhkəmə prosesinin acıq keçirilməsinə baxmayaraq, hakim jurnalistlərə və müşahidəçilərə  prosesdə  video və foto  çəkiliş aparmağa icazə verməmişdir.
RATİ yuxarı məhkəmə instansiyalarını bu qərarı yenidən  nəzərdən keçirməyə və jurnalistlərə bəraət qazandıran qərar verməyə çağırır. Eyni zamanda RATİ iş adamlarını,  eləcə də iqtidar nümayəndələrini onlara qarşı yazılan tənqidi məqalələrə dözümlə yanaşmağa çağırır.
RATİ həmçinin Azərbaycan hökumətini həbsdə olan bütün jurnalistləri azadlığa buraxmağa və ölkədə ifadə azadlığını inkişaf etdirə biləcək münbit şəraitinin yaradılmasına çağırır.