REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin RATİ-nin Naxçıvanda qanunsuz fəaliyyət göstərməsi iddiasının həqiqətə uyğun olmadığını bəyan edir.

Belə ki, 15 dekabrda Naxçıvanda Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi İctimai Birliyinin əməkdaşlarının – İlqar Nəsibov və Vəfadar Eyvazov  zorakılığa məruz qalıb. Həmçinin hadisə yerinə gələn RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasova qarşı nalayiq söyüşlər və hədələr söylənilib. Qeyd edək ki, Elman Abbasov RATİ-nin Naxçıvan üzrə bölgə müxbiri olmaqla yanaşı, Naxçıvanda Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi İctimai Birliyi ilə də əməkdaşlıq edir.
Naxçıvan Muxtar Respublikası rəhbərliyi jurnalist və QHT nümayəndələrinə qarşı təzyiq və hücum faktını araşdıraraq günahkarları cəzalandırmaq əvəzinə, zərərçəkənlərə qarşı qarayaxma kampaniyasına başlayıb. Nümayəndəlik baş vermiş hadisəni təkzib etdiyi açıqlamada RATİ ilə bağlı əsassız iddialara yol vermişdir. Açıqlamada RATİ-nin muxtar respublikada müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyərək qanunsuz fəaliyyət göstərdiyi bildirilib.
 RATİ bildirir ki, “Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi” İctimai Birliyi 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində, RATİ isə 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
RATİ-nin Muxtar Respublikada filialı və ya nümayəndəliyi yoxdur. Muxtar Respublikada RATİ-nin yalnız üç nəfər bölgə müxbiri var. Bu müxbirlər –  Elman Abbasov, Həkimeldostu Mehdiyev və Mehman Mehdiyev Azərbaycan Respublikası, habelə Naxçıvan Muxtar Respublikası qanunları və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq aktların və konvensiyaların tələblərinə uyğun olaraq, müxbirlik fəaliyyətini göstərirlər.
RATİ qeyd edir ki, adıçəkilən müxbirlərin Naxçıvandakı fəaliyyətləri dəfələrlə təşkilatın rəhbərliyi tərəfindən yoxlanılmış və qanunsuz fəaliyyətləri aşkar olunmamışdır.
RATİ xatırladır ki, “İnformasiya əldə etmə haqqında” və “Məlumat Azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən, nəinki KİV və QHT nümayəndələrinin, hətta istənilən Azərbaycan respublikası vətəndaşının yayılması qanunla qadağan olunmayan məlumatlara sahib olmaq hüququ vardır.
RATİ Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən yaydığı həqiqətə uyğun olmayan məlumatları təkzib etməsini tələb edir.
RATİ Naxçıvan MR rəhbərliyini insan haqlarına və söz azadlığına hörmətlə yanaşmağa, vətəndaş cəmiyyətinin nümayəndələrinə və jurnalistlərə qarşı təzyiqlərə son qoymağa, bu əməlləri sifariş edən və törədən şəxsləri cəzalandırmağa çağırır.
Previous Post

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BAKIDAKI DAİMİ NÜMAYƏNDƏLİYİNİN MƏLUMATI HƏQİQƏTƏ UYĞUN DEYİL

Next Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.