NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BAKIDAKI DAİMİ NÜMAYƏNDƏLİYİNİN MƏLUMATI HƏQİQƏTƏ UYĞUN DEYİL

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan Muxtar Respublikasında qanunsuz fəaliyyət göstərdiyini iddia edib.

Belə ki, Naxçıvanda Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi İctimai Birliyinin əməkdaşları olan İlqar Nəsibovun, Vəfadar Eyvazovun dekabrın 15-də Naxçıvan Dövlət Universiteti ərazisində korrupsiya əleyhinə həyata keçirdikləri monitorinq zamanı zorakılığa məruz qalmışdılar. Hadisə yerinə gələn Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Elman Abbasov da təhqir və hədələrə məruz qalmışdı. Qeyd edək ki, Elman Abbasov RATİ-nin Naxçıvan üzrə bölgə müxbiri olmaqla yanaşı, Naxçıvanda Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi İctimai Birliyi ilə də əməkdaşlıq edir.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin bu məlumatı təkzib edən açıqlamasında bildirilir: “Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi İctimai Birliyi kimi təqdim edilən mərkəz, eləcə də RATİ (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu) muxtar respublikada müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyərək qanunsuz fəaliyyət göstərirlər. Onların dəfələrlə həyata keçirdikləri belə tədqiqatlar sadəcə olaraq ictimaiyyətin çaşdırılmasına xidmət edir və dekabrın 14-15-də Naxçıvan Dövlət Universitetində aparılmasına cəhd göstərilən “monitorinq” də bunun daha bir ifadəsidir”.
Məsələ ilə bağlı RATİ sədri Emin Hüseynov bildirdi ki, RATİ-nin Naxçıvanda qanunsuz fəaliyyət göstərməsi ilə bağlı iddia tamamilə absurddur. “Naxçıvanda RATİ-nin nümayəndəliyi yoxdur. Muxtar respublikada RATİ-nin üç əməkdaşı var. Bu əməkdaşlar – Elman Abbasov, Həkimeldostu Mehdiyev və Mehman Mehdiyev RATİ-nin Naxçıvandakı bölgə müxbirləri səlahiyyətlərinə malikdirlər. Bu müxbirlərin Naxçıvandakı fəaliyyətləri dəfələrlə RATİ rəhbərliyi tərəfindən yoxlanılmış və qanunsuz fəaliyyətləri aşkar olunmamışdır ” – deyən RATİ sədri əlavə etdi ki, “İnformasiya əldə etmə haqqında” və “Məlumat Azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən, nəinki KİV və QHT nümayəndələrinin, hətta istənilən Azərbaycan respublikası vətəndaşının yayılması qanunla qadağan olunmayan məlumatlara sahib olmaq hüququ vardır.
Previous Post

AVROPA PARLAMENTİ AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİ İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.